Prezidentə yazırlar: "Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız"

Prezidentə yazırlar: Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız
Siyasət 280

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı vətəndaşlar Prezident İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

BAKU.WS məktublardan bəzilərini təqdim edir:

Raşit İşcandan, Karaman, Türkiyə: "Hörmətli cənab Prezidentimiz İlham Əliyev,

Mən Türkiyənin Karaman şəhərindəki Mərkəzi İmam Hatip Liseyinin şagirdiyəm. Azərbaycanı çox sevirəm. Bu sevgimi bildirmək, Azərbaycan Ordusuna dəstəyimi ifadə etmək üçün gündəlik xərcliyimdən topladığım 1000 türk lirəsini Silahlı Qüvvələr Fonduna göndərmişəm. Sizlər orada Vətən torpağı üçün canla-başla mübarizə apararkən topladığım pulu xərcləməyi özümə halal bilmərəm və bununla tarixi mübarizənizdə az da olsa payımın olmasını istəyirəm. Mənim Azərbaycana olan sevgimi, səmimi hisslərimi qəbul edin.

Siz ata-baba torpaqlarınızda qəhrəmanlıq dastanı yazırsınız. Rəbbim Sizə və şanlı Ordunuza zəfərlər nəsib etsin. Qəlbim və dualarım daim Sizinlədir. İnşallah, imkan olanda Azərbaycanı ziyarət edəcəyəm, ikinci Vətənimlə bağlı xəyallarımı həyata keçirəcəyəm.

Siz də yəqin ki, gələcəkdə gözəl Türkiyəmizə səfər edəcəksiniz. Fürsət və qismət olarsa, türk və İslam dünyasının iki güclü Liderini ziyarət edib əllərinizdən öpmək arzumdur.

Sizi və can Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Bu haqq savaşınızda Allah yar və yardımçınız olsun. Mən Azərbaycan Ordusuna hər zaman kömək etməyə hazıram".

Veysel Barkan İpəkdən, Antalya, Türkiyə: "Cənab Müzəffər Ali Baş Komandanım,

Erməni terrorçuları tərəfindən işğal olunmuş torpaqlarımızı azad etməklə Siz bütün türklərin başını göylərə qaldırdınız. Türkiyədə yaşayan hər bir insan Sizin möhtəşəm Qələbənizə, Azərbaycan Ordusunun və Azərbaycan xalqının Zəfərinə ürəkdən sevinir.

Torpaqlarımızın azadlığı yolunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə isə səbr diləyirik.Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın türk milləti! Yaşasın Müzəffər Ali Baş Komandanımız İlham Əliyev!"

Valeh Abdullayevdən, Ağdam, Azərbaycan: "Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş komandan,

Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla yaşatdınız, 27 illik Vətən həsrətimizə son qoydunuz.

Dünyaya göz açdığım doğma Ağdamın Güllücə kəndinə qaydacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!

Elcan Mirzəyevdən, Şuşa, Azərbaycan: "Cənab Ali Baş Komandan,

Hazırda Azərbaycan xalqı tarixinin ən gözəl günlərini yaşayır. Mən özüm də əslən Şuşa rayonundanam Bizə bu sevinci yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Siz Azərbaycan tarixinə adınızı qızıl hərflərlə yazdıdınız.

Vətənim Şuşa şəhəri Sizin sayənizdə azadlığa qovuşdu. Sizin 17 illik hakimiyyətiniz müddətində Azərbaycan böyük inkişaf yolu keçib, regionda iri iqtisadi layihələr reallaşdıraraq dünyada söz sahibinə çevrilib. Hazırda Azərbaycan inkişafına görə Avropa ölkələri ilə müqayisə ediləcək səviyyədədir.

Həmçinin əhalinin rifahı yüksəlib, ölkəmizdə turizm sahəsi inkişaf edib. Eyni zamanda, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Ölkəmizi dünyanda tanıtdığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha da inkişaf edəcək və yaxın zamanda dünyanın super gücünə çevriləcək.

Siz xalqımızın xoşbəxtliyində çox böyük rol oynamışınız. İnanıram ki, Siz cənnət Qarabağımızı yaxın gələcəkdə gülüstana çevirəcəksiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm".

Son xəbərlər