Prezident söz verdi: "İşğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq"

Prezident söz verdi: İşğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq
Siyasət 494

"Danışıqlar prinsipləri və danışıqlar formatı müəyyən olunmuşdur. Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə - Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmuşdur. Danışıqların formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasında münaqişədir".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparılmalıdır dedi. Bu, danışıqları pozmaq üçün qəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə də vasitəçilər bunu qəbul etməyəcək.

"Vasitəçilər - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir. Çünki danışıqların mahiyyəti ərazini sülh yolu ilə, danışıqlar vasitəsilə Azərbaycana qaytarmaq və sonra Dağlıq Qarabağda azərbaycanlı və erməni icması arasında normal birgəyaşayışı təmin etməkdir. Çünki müharibədən əvvəl, Ermənistan bizim ərazilərimizi işğal etməzdən əvvəl, Dağlıq Qarabağ əhalisinin 25 faizi azərbaycanlılar idi. Lakin bu gün Dağlıq Qarabağla yanaşı, erməni əhalinin mövcud olmadığı, 700 mindən çox azərbaycanlının yaşadığı Dağlıq Qarabağ ətrafındakı yeddi rayon işğal altındadır. Onların hamısı didərgin düşüb, evlərinin hamısı dağıdılıb. Bütün tarixi abidələrimiz, o cümlədən məscidlərimiz erməni barbarları tərəfindən dağıdılıb və indi biz irəliləyişə yaxınlaşdığımız bir vaxtda Ermənistan hökumətində dəyişiklik olur, siyasətlə heç bir əlaqəsi olmayan yeni insanlar, yeni komanda hakimiyyətə gəlir, bu destruktiv bəyanatları verir və addımları atır, bizə qarşı hərbi təcavüzə başlayır. Biz nə etməli idik? Biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik".

O, qeyd edib ki, marionetlər müharibəsi yoxdur və Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. "Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var. Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misal gətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Bu il biz Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Bu şərəfli vəzifə 120 ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə oldu. Marionet ölkə bu dəstəyi ala bilərmi?

Marionet ölkələr miskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq".

Son xəbərlər