Prezident İlham Əliyevdən Qarabağdakı döyüşlərlə bağlı vacib açıqlamalar

Prezident İlham Əliyevdən Qarabağdakı döyüşlərlə bağlı vacib açıqlamalar
Siyasət 2873

Ankaranın Qarabağdakı münaqişəyə hərbi nöqteyi-nəzərdən öz təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları yalandır.

BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev “Əl-Cəzirə”yə müsahibəsində bildirib ki, bunun sübutu yoxdur və o artıq bununla bağlı bəyanatlar verib.

"Türkiyə bizim qardaş ölkəmizdir. Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Parlamentin açılış sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb.

Ermənistanın artıq mediada yer almayan feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm, niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ, Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirirlər".

Dövlət başçısı Ermənistanın Türkiyəni suriyalı müxalif döyüşçüləri Azərbaycana gətirməkdə ittiham etməsindən də danışıb. O, bunun da tamamilə feykdən ibarət olduğunu bildirib.

"Eynilə Türkiyəyə məxsus F-16-nın onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun təcrübəsizliyi ucbatından dağa çırpılıb. Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil, əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanat verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv, yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib. Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir.

Biz də çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq. Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. Biz nə ediriksə, özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur.

Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə, bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik".

Prezident Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı da danışıb. O qeyd edib ki, artıq bəzi kəşfiyyat məlumatları var. "Bundan əlavə, dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar".

Son xəbərlər