Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb - RƏY
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması üçün mühüm addımlar atılıb.
BAKU.WS xəbər verir ki, bu sözləri report-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, son illər Azərbaycan dilinin qorunması, inkişafı və müasir dövrün tələblərinə uyğun tətbiqi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə mühüm institusional və hüquqi addımlar atılıb. 2013-cü ildə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Sonrakı dövrdə Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi, terminologiyanın təkmilləşdirilməsi, latın qrafikalı nəşrlərin artırılması, klassik və dünya ədəbiyyatının Azərbaycan dilində nəşri istiqamətində mühüm layihələr həyata keçirildi".
Deputat deyib ki, 2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman dövlət dilinin tətbiqinə nəzarətin gücləndirilməsinə xidmət edib:
"Bunun davamı olaraq dövlət dili normalarının qorunması sahəsində monitorinq mexanizmləri yaradıldı. 2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, dövlət dili haqqında qanunvericiliyin və dil normalarının icrasına nəzarət, eləcə də dilin inkişafı ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olundu. Bu qərar dövlət dilinin qorunması sahəsində idarəetmənin daha da təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır".
Pərvanə Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət dilinə xüsusi həssaslıqla yanaşması Azərbaycan dilinin gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıyır:
"Dövlət başçısının 2025-ci il, 3 noyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində dilin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması və xarici sözlərin lüzumsuz istifadəsinin qarşısının alınması ilə bağlı səsləndirdiyi fikirlər dövlət dilinin gələcəyi üçün mühüm istiqamətlər müəyyənləşdirir. Bu yanaşma ilk növbədə təhsil, elm, media və dövlət idarəçiliyində Azərbaycan dilinin nüfuzunun daha da artmasına, ədəbi dil normalarına əməl olunmasının güclənməsinə və dil mədəniyyətinin yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, süni intellekt, rəqəmsal platformalar və elektron kommunikasiya sahələrində Azərbaycan dilinin imkanlarının genişləndirilməsi onun müasir texnologiyalar dövründə rəqabət qabiliyyətini artıracaq".
Deputat qeyd edib ki, Türk dünyası ilə əlaqələrin genişlənməsi, ortaq türk əlifbasının məhz Azərbaycanın təşəbbüsü ilə yaradılması, onun regional nüfuzunun artması dilimizin regionda öyrənilməsinə və istifadəsinə də müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, bu proses Azərbaycan dilinin yalnız milli kimliyin deyil, həm də regional əməkdaşlıq və mədəni diplomatiyanın mühüm vasitələrindən birinə çevrilməsinə imkan yaradır.
Oxşar xəbərlər
İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb. BAKU.WS-in məlumatına görə, mətndə deyilir: "Azərbaycan...