Prezident İlham Əliyevin Kəlbəcər səfəri: Böyük sülhə aparan "Böyük qayıdış"

Prezident İlham Əliyevin Kəlbəcər səfəri: Böyük sülhə aparan Böyük qayıdış
Siyasət 17

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur - yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və s. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.

Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlərlə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir.

Cəmi 5 ilə yaxın müddətdə azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar.

"Kəlbəcərə xoş gəlmisiniz!"

Müzəffər Ali Baş Komandanın "Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!" sözlərini eşitmək qürur verir. Bu sözlər səslənərkən doğma yurdlarına qayıdan insanların üzlərindəki sevinci görməmək mümkün deyildi. "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı", - deyə dövlət başçısı sakinlərlə görüşdə vurğulayıb.

Həqiqətən də bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və proses gələcəkdə də davam edəcək. Prezident bəyan edib ki, şəhərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq və onlar lazım olan bütün digər infrastruktur layihələri də icra edilib:

"İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar".

Kəlbəcərlilər və bütövlükdə Azərbaycan xalqı üçün həm də ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcərə artıq həyat qayıdır. "Əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub", - deyə Prezident vurğulayıb.

Yeni yaşayış kompleksi Kəlbəcərin sosial-mədəni həyatına canlılıq gətirəcək

Şəhərdə əsası qoyulan 3-cü yaşayış kompleksi layihəsi şəhərin inkişaf planına uyğun hazırlanıb və ümumi sahəsi 7.6 hektarı əhatə edir. Kompleksdə 4 və 5 mərtəbəli 29 bina tikiləcək, burada 476 mənzil yer alacaq. Mənzillərin strukturu belə planlaşdırılıb: 8 birotaqlı, 176 ikiotaqlı, 169 üçotaqlı və 123 dördotaqlı. Bu müxtəliflik ailələrin fərqli ehtiyaclarına uyğunlaşdırılıb. Sakinlərin rahatlığı üçün kompleksdə məişət və ticarət obyektləri, uşaq oyun meydançaları, velosiped yolları, istirahət guşələri, söhbətgahlar, futbol meydançası və yerüstü avtomobil dayanacağı inşa olunacaq. Binalar daimi su, elektrik enerjisi və yüksək sürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri də aparılacaq. Yeni yaşayış kompleksi Kəlbəcərin sosial-mədəni həyatına canlılıq gətirəcək, bölgədə işğaldan sonra bərpa prosesini sürətləndirəcək və sakinlər üçün müasir standartlara cavab verən yaşama şəraiti yaradacaq.

İşğal böyük faciə, xəyanətin nəticəsi idi

Sözsüz ki, Kəlbəcərin işğalı Azərbaycan xalqının həyatında ən ağır günlərdən biri idi. 1993-cü il aprelin 2-də rayon işğal olunub və 53 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal o dövr ölkədə hakimiyyətdə olan qüvvələrin yarıtmaz fəaliyyəti, başıpozuqluq, siyasi çəkişmələr nəticəsində baş vermişdi.

Nəhayət, Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.

Ölkə Prezidenti də kəlbəcərlilərlə görüşündə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, "Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt "Laçın dəhlizi" adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı". Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş "Dağlıq Qarabağ" arasında coğrafi bağlantı yaratmışdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır:

"Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir".

Dünya yeni reallıqları qəbul edir

Ölkə Prezidentinin sakinlərlə görüşdə onu da xüsusi vurğulayıb ki, dünya birliyi, beynəlxalq aləm artıq Azərbaycanın Qələbəsini və yeni reallıqları tam qəbul edib və bu da özlüyündə tarixi hadisədir. Çünki sirr deyil ki, həm işğal dövründə, həm də müharibə dövründə Ermənistanı dəstəkləyən böyük dövlətlər bizə hər zaman böyük problemlər yaradırdı və yarada bilərdi. "Bizim gücümüz, xalqımızın iqtidarla bir yerdə olması, hərbi Zəfərimiz, cəmiyyətdəki ovqat, vətənpərvərlik ruhu - bütün bu amillər bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Bunu Ermənistan-Azərbaycan müharibəsi, Vətən müharibəsi, müharibədən sonrakı dövr göstərmişdir və bunu bugünkü reallıqlar da göstərir", - deyə Prezidentin səsləndirdiyi fikirlər içərisində xüsusi yer tutur.

Prezidentin çıxışında yer alan mesajlar içərisində Azərbaycanın dünyada yeniliklərə imza atan ölkə olmasıdır. Bəli, həqiqətən də son 80 il ərzində dünyada Azərbaycan qədər tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb. Prezident də vurğulayıb ki, müxtəlif yerlərdə toqquşmalar, müharibələr, hərbi cinayətlər baş alıb gedir. Amma heç kim tam qələbə qazanmayıb. "Müharibələr davam edir, daha böyük coğrafiyanı əhatə edir və yəqin ki, davam edəcək. Yəni, bax, bu siyasi məsələlərin inkişafı bunu göstərir. Tək yeganə ölkə bizik. Yeganə xalq bizik ki, tam Qələbə qazandıq, mütləq Qələbə qazandıq. Düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik və eyni zamanda, sülhün təminatçısı da Azərbaycandır".

Bu günlərdə doğrudan da tarixi hadisələrə şahidlik edirik. Prezident İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur. Ölkənin artan nüfuzu böyük qayıdışla yanaşı böyük sülhü də sürətlə yaxınlaşdırır.

"Report" informasiya agentliyi

Son xəbərlər