Prezident büdcə təşkilatlarına tapşırıq verdi: "Yüz faiz ödənməlidir"

Prezident büdcə təşkilatlarına tapşırıq verdi: Yüz faiz ödənməlidir
Siyasət 6003
 

Büdcə təşkilatları istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər.

BAKU.WS bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı bölgələrdə məşğulluğun artırılmasının daim diqqət mərkəzində olduğunu bildirib: "Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik".

İlham Əliyev əlavə edib ki, eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır: "Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür".

Prezident qeyd edib: "Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır. Bir məsələni də qeyd etmək istəyirəm ki, bizim büdcə təşkilatlarımız istifadə etdikləri elektrik enerjisinin dəyərini yüz faiz ödəməlidirlər".

BAKU.WS

Son xəbərlər