Paşinyan Okampoya qarşı – Qarabağ separatçıları İrəvana maraqlı deyil - ŞƏRH

Paşinyan Okampoya qarşı – Qarabağ separatçıları İrəvana maraqlı deyil - ŞƏRH
Foto
Siyasət 33

Təxribatçı, korrupsioner, separatçı erməni sevdalısı - Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, argentinalı Luis Moreno Okamponu məhz bu cür xarakterizə etmək olar. Erməni lobbisindən aldığı maliyyə müqabilində anti-Azərbaycan isterikasını günbəgün artıran bu şəxs 4 ilə yaxındır ki, ölkəmizi hədəfə almaqdadır.

Son illər Qarabağda separatçı hərəkata rəhbərlik edən şəxslərin həbsindən şou düzəldən Okampo az qala onları "siyasi məhbus" kimi qələmə verməyə çalışır. Ermənistan hakimiyyəti və xalqı reaksiya vermədiyi halda onların saxlanılmasını mütəmadi qaldırır, beynəlxalq dəstək qazanmağa çalışır.

Nə baş nazir Nikol Paşinyan, nə də komanda üzvləri indiyə qədər bir dəfə olsun Bakıda təcridxanada məhkəmə prosesini gözləyən şəxslərlə bağlı açıqlama verməyib. Artıq Ermənistandakı Rusiyaya yaxınlığı ilə seçilən dairələr və media bunu qabartmağa çalışıb. Məsələn, "Qolos Armeniya" Okamponun erməni sevgisi və Ermənistana səfərinə həsr olunan "araşdırma" dərc edib. Okampo az qala beynəlxalq insan hüquqları müdafiəçisi kimi qələmə verilir.

Xüsusi vurğulanır ki, "İrəvan artıq iki ildir ki, ermənilər üçün ədalət, peşəkarlıq, mənəviyyat simvoluna çevrilən şəxsi gözləyir". Maraqlısı sonradır. Adı rüşvət və korrupsiya əməllərində hallanan bu "prokuror" az qala peyğəmbər kimi, satılmaz biri kimi təqdim olunur. Bütün fəaliyyəti maxinasiya və fırıldaqçılıq üzərində qurulan Okamponun ermənilərə dəstək verməsi də təsadüfi deyil. İstər Beynəlxalq Cinayət Məhkəməsində işlədiyi dövrdə, istərsə də sonrakı vaxtlarda onun adı şübhəli maliyyə maxinasiyalarında hallanıb. Bunlardan bəzilərinə nəzərə salaq;


Sabiq Liviya lideri Müəmmar Qəddafi rejimi ilə sıx əlaqələrə malik biznesmen Həsən Tatanaki ilə işbirliyi quran Okampo, "Financial Times"in yazdığına görə, bir milyon dollar alıb. Onun Tatanaki ilə əməkdaşlığının etik pozuntu olduğu bildirilmişdi. Okampo və onun həyat yoldaşının Karib hövzəsində ofşor şirkətləri olduğu müddətdə böyük miqdarda vəsait aldığı da məlum olub. Onun belə hesablarının olmasına verdiyi cavab isə təəccüblə qarşılanmışdı. Bildirmişdi ki, Argentina banklarına etibar etmədiyi üçün həmin hesablarda pul saxlayıb.

Okamponun adı MDB məkanında qalmaqallı məhkəmələrdə də hallanıb. Məsələn, o, Centros Commerciales Antei şirkəti vasitəsilə çirkli pulların yuyulmasında ittiham olunan Vladislav Rezniki müdafiə edib.


Onun Ermənistanla əlaqələri isə xüsusilə maraqlıdır. Ermənistan və əlləri minlərlə azərbaycanlının qanına bulaşmış Qarabağ cinayətkarları ilə kifayət qədər uzun və yaxın münasibətləri olub. Hələ 2010-cu ildə BCM-in prokuroru kimi o, 37-ci Beynəlxalq İnsan Hüquqları Federasiyasının Forumunda iştirak etmək üçün Ermənistana səfər edib. Orada həmin vaxt Ermənistan prezidenti olan Xocalı cəlladı Serj Sarkisyanla da görüşüb. Görünür, görüş onda çox güclü təəssürat yaradıb və yəqin ki, erməni lobbisinin maliyyə motivasiyası da onu gücləndirib.

"Qolos Armeniya" cəfəngiyyatını davam etdirib: "Okampo hər şeyin satılmadığı, alınmadığının təcəssümüdür. Beynəlxalq ictimaiyyətin yalnız ikiüzlülərdən, yalançılardan ibarət olmadığının sübutudur. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru İrəvana gəlir. Bundan əvvəl Okampo ermənilərə açıq məktubla müraciət edərək, "erməni əsirləri"in azad edilməsi üçün kampaniyaya başlamağa və bununla da COP29-u "həqiqətən sülh konfransına" çevirməyə çağırıb".


"Qolos Armeniya" ardınca yazır ki, Okampo Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına qarşı kampaniya düzəldə bilər. İddia olunub ki, "reaksiya əsasən diaspor dairələrindən gəlib. Ermənistan ictimaiyyəti hələ ki lazımi fəallıq göstərməyib və görünür, İrəvanda BCM-in keçmiş prokuroru ilə keçiriləcək görüş məhz bu məqsədi daşıyır: COP29 başlamazdan əvvəl əsirlərin azad edilməsi üçün geniş hərəkata başlamaq".

Nikol Paşinyanı ittiham edən nəşr onu da yazır ki, Ermənistanın de-fakto hakimiyyəti Okamponun separatçılarla bağlı təklifi barədə bir söz belə deməyib: "Yalnız onun İrəvana səfəri barədə məlumat yayıldıqdan sonra rejim nümayəndələri müxtəlif səviyyələrdə öz cavablarını səsləndirdilər. Və bu cavab bir daha aşkarı sübut etdi: Paşinyanın bandası yalnız Azərbaycan və Türkiyənin maraqlarını təmsil və müdafiə edir. Birincisi, aydın oldu ki, hakimiyyət noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransında iştirak etmək niyyətindədir. Hələlik Nikol və onun adamları bu barədə açıq danışmaqdan çəkinirlər, lakin qeyri-müəyyən bəyanatlarla tədricən ölkəni növbəti şok və həqiqətən utancverici xəbərə hazırlayırlar".


Ardınca da iddia olunur: "Konfransdan əvvəl əsirlərin azad edilməsi ilə bağlı Bakıya heç bir tələb irəli sürülməyəcək. Lakin təkcə bu deyil: bu bəyanatlar göstərir ki, tamamilə başqa bir kampaniya başlayıb - Bakıda Qarabağ liderlərinin qanunsuz məhkəmələrinin dəstəklənməsi. Beləliklə də onların məhkəməsinin legitimləşdirilməsi baş verəcək. Qarabağın və erməni xalqının Qarabağ uğrunda mübarizəsinin mütləq ədalətinin, müqəddəsliyinin və ən böyük əhəmiyyətinin məhv edilməsidir".

Müəllif sonluğu çox maraqlı fikirlərlə başa çatdırır. Bildirir ki, Ermənistan hakimiyyəti nəinki Luis Moreno Okamponun çağırışını dəstəkləmək niyyətindədir, əksinə Bakının tərəfindədir.

Beləliklə, erməni lobbisi və onun havadarlarının çirkin kampaniyasının mahiyyəti elə ermənilərin özlərinin mediası tərəfindən maraqlı şəkildə faş edilir. Korrupsioner və qaranlıq keçmişə malik birini - Okamponu az qala ədalət simvolu kimi sırımağa çalışırlar. Lakin əvvəlki təşəbbüslər kimi, yuxarıda qeyd etdiyimiz təşəbbüslər də puç olacaq. O, meydanda təkdir - İrəvan hakimiyyəti buna qarşıdır.

Son xəbərlər