Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib
Siyasət 135

Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiqləyib.

"Report" xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qərarı elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib.

Fərhad Abdullayev bildirib ki, məhkəmənin 18 həlledici səs hüquqlu üzvlərinin hər biri qərarı imzalayıb.

Sədr qeyd edib ki, MSK-nın yekun protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğundur.

***16:18

:Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkisi ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər.

"Report"un xəbərinə görə, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edəcək.

***15.52

Milli Məclisə seçki 125 dairə və 6 min 478 məntəqə üzrə keçirilib. Seçkidə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Parlament seçkisi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında deyib.

O qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 3 min 469-u açıq, 2 min 37-si qapalı olmaqla, ümumilikdə 5 min 506 yer ayrılaraq namizədlərin ixtiyarına verilib:

"Deputatlığa namizədlər sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə seçkiqabağı toplantılarını keçiriblər".

M.Pənahovun sözlərinə görə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.

"Milli Məclisə növbədənkənar seçki ilə əlaqədar 119 dairə üzrə 1000 məntəqədə veb-kameralar quraşdırılıb. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar".

*** 15.36

Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkisi ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.

"Report"un xəbərinə görə, bunu parlament seçkisi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.

Qeyd edilib ki, MSK seçkinin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçki ilə bağlı ölkə üzrə fəaliyyət göstərən apellyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Məruzəçi hakim onu da əlavə edib ki, Baş Prokurorluğun məlumatına görə, seçki ilə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alınıb. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.

Son xəbərlər