Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib

Ombudsmanın tapşırığı ilə Naxçıvanda cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib
Siyasət 46

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikasında şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr həyata keçirilib.

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Naxçıvanda yerləşən bir sıra müəssisələrdə, o cümlədən istintaq təcridxanasında, qarışıq tipli cəzaçəkmə müəssisəsində, müvəqqəti saxlama yerində, psixi xəstəliklər dispanserində və qanunsuz miqrantların saxlanılması mərkəzində monitorinqlər keçiriblər.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd bu müəssisələrdə saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması olub.

Başçəkmələr çərçivəsində müvafiq müəssisələrin yaşayış korpuslarına, yataqxanalarına, tibb-sanitar hissəsinə, görüş yerinə, yeməkxana, mətbəx və digər obyektlərə baxış keçirilib, rəftar və saxlanma şəraiti, tibbi xidmətin təşkili, yemək-qidalanma, isti və soyuq su təminatı, gəzinti, görüş və telefon danışıqları ilə bağlı vəziyyət araşdırılıb, sənədləşmə yoxlanılıb.

Qeyd edilən müəssisələrdə saxlanılan bir sıra şəxslər MPQ üzvləri tərəfindən müraciətləri və ya təsadüfi seçim əsasında qəbul edilib. Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Yekunda həmin müəssisələrin rəhbərliyi ilə söhbətlər aparılıb, aşkar edilən çatışmazlıqlar müəssisə rəhbərlərinin diqqətinə çatdırılmaqla onların aradan qaldırılması, həmçinin saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticələri ilə bağlı həmin müəssisələrin tabe olduğu nazirlik və xidmətlərə müraciətlər ediləcək.

Son xəbərlər