Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi

Murad Quliyevin barəsində olan cinayət işi məhkəməyə göndərildi
Siyasət 106

Murad Quliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində başlanılmış cinayət işi üzrə qiyabi istintaq başa çatıb.

BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahirə Kərimovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı bəlli deyil.

Qeyd edək ki, Murad Qüdrət oğlu Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il fevralın 15-dəki qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, 2019-cu il sentyabrın 23-də "Facebook" platformasındakı səhifəsində və 2023-cü il dekabrın 24-də "YouTube" platformasındakı kanalında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.

Son xəbərlər