Meydandan gələn küçədəkilərə qarşı: Paşinyan konstitusiya dəyişikliyinə hazırlaşır?

Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı təşəbbüslər gündəmə gəldikdən sonra siyasi mühitdə də gərginlik artıb.
Müxalifət bu prosesdən hakimiyyəti dəyişmək üçün istifadə etsə də, Paşinyan hökuməti mövqeyini gücləndirmək və gələcək seçkilər ərəfəsində rəqibləri zərərsizləşdirmək üçün etirazçılara sərt müdaxilələrlə cavab verir.
Bəs bu dəyişikliklər müxalifətin siyasi təsirini məhdudlaşdırmaq və seçki ərəfəsində meydanı təmizləmək məqsədi daşıyırmı? Belə olan halda bunu həm də konstitusiya dəyişikliyinə zəmin yaradılması kimi başa düşmək olarmı?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, Paşinyan uzun müddətdir ki, konstitusiya dəyişikliyi olmadan, yəni Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları aradan qaldırılmadan münasibətləri normallaşdırmağın mümkün olmayacağını başa düşür:
"Çünki bu, sülh müqaviləsinin imzalanmasını qeyri-mümkün edir. Ona görə də Paşinyan bu istiqamətdə artıq addımlar atmağı planlayır. Bir müddət bundan əvvəl də Paşinyan konstitusiya dəyişikliyinin vacibliyi ilə bağlı erməni cəmiyyətinə belə bir fikir təlqin etməyə çalışsa da, sərt reaksiyalarla üzləşdiyi üçün bu prosesə fasilə verdi. Yəqin ki, Paşinyan reaksiyaların hansı istiqamətdən qaynaqlandığını müəyyənləşdirərək, həm də konstitusiya dəyişikliyinin reallaşacağı təqdirdə hakimiyyəti üçün hansı təhlükələrin yaranacağını da güman edərək həmin qüvvələri sıradan çıxarmaq istiqamətində addımların atılmasının zəruri olduğunu başa düşür".
"Artıq siyasi müxalifət Paşinyan üçün elə də ciddi təhlükə törətmir. Hər halda görülən budur. Çünki Paşinyana qarşı siyasi müxalif qüvvələr Koçaryan və Sarqsyanın timsalında vaxtilə Rusiyanın marionet qüvvələri olub. Faktiki olaraq hazırda onların da Ermənistanda dayaqları yoxdur. "Qarabağ klanı" adı altında onlara rəğbət sıfırlanıb. Ona görə də siyasi müstəvidə elə də ciddi rəqiblər yoxdur", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu dəfə əsas təhlükənin kilsədən gəldiyini görən Paşinyan kilsəyə savaş elan etdi və artıq çox ciddi tədbirlər də görülməkdədir:
"Qarşıdakı ildə Ermənistanda parlament seçkisi keçiriləcək və Paşinyan seçkiyə qədər rəqiblərini sıradan çıxarmağı hədəfləyir. Bunun üçün də artıq ciddi tədbirlər görülməyə başlanılıb və mən hesab edirəm ki, bu savaşda Paşinyan üstünlük əldə edəcək. Çünki erməni cəmiyyəti də artıq Paşinyana müxalif olan qüvvələrin müharibə ritorikasından beziblər, münaqişə istəmirlər, ona görə də Paşinyan bu məsələlərdə daha üstündür və üstünlüyündən də istifadə edərək rəqiblərini sıradan çıxarmağı hədəfləyir ki, seçkilərdə uğur qazansın, ondan sonra isə artıq referendumla konstitusiya dəyişikliyi qaçılmazdır. Artıq bununla bağlı Paşinyanın da fikirləri var və prosesin baş tutmaması qeyri-mümkündür. Mütləq surətdə Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəalar çıxarılmalıdır ki, Azərbaycanla sülh müqaviləsi imzalansın".
"Paşinyan həm də onun fərqindədir ki, Rusiya da çökmək üzrədir, Avropanın da Paşinyana sona qədər dəstək verəcəyinə ümid yoxdur. Hazırda regionda baş verən hadisələr artıq Paşinyan və onun ətrafında olanları o fikrə gətirib ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Çünki bununla çökmüş erməni iqtisadiyyatını və Ermənistanı ən azından dövlət olaraq qoruyub saxlamaq mümkündür. Bunu da yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında görürlər. Bu isə yalnız konstitusiya dəyişikliyindən, ərazi iddialarından geri çəkilməkdən keçir. Paşinyanın atdığı addımlar bu kontekstdə başa düşüləndir", - parlamentari fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
Tramp Putinə qarşı mövqeyini dəyişdi: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur?
Son zamanlar beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından biri Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməsi fonu...