Litvadan Azərbaycana dəstək (FOTO)
"Səbrinə görə Azərbaycana minnətdar olmaq lazımdır”.
BAKU.WS Azərtac-a istinadən məlumat verir ki, Litvanın www.slaptai.lt portalında bu sərlövhə ilə tanınmış jurnalist, həmin portalın rəhbəri Gintaras Visotskasın məqaləsi dərc edilib. Dağlıq Qarabağ münaqişəsinin səbəblərini izah edən litvalı jurnalist yazır ki, aprelin 2-də başlayan hərbi toqquşmalar son iyirmi ildə ən intensivi olub. Məqalədə qeyd olunur ki, Litvanın xarici işlər naziri Linas Linkyaviçus bəyan edib ki, "bu qarşıdurma daha genişmiqyaslı münaqişəyə çevrilə bilər, çünki o, 1994-cü ildən qüvvəyə minən və ara-sıra pozulan atəşkəs dövründə ən böyük hərbi toqquşmadır”.
G.Visotskas xatırladır ki, atəşkəs digər dövlət və hökumət başçıları ilə bərabər, Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak etdiyi Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitindən dərhal sonra pozulub. ABŞ-ın təşkil etdiyi dünyanın nüvə müharibəsindən mühafizəsinə dair beynəlxalq görüşdəki atmosfer işgüzar, səmimi olub, buna görə də heç kim "sürprizlər” gözləməyib. Lakin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət cümə günündən şənbəyə keçən gecə qəfildən kəskin pisləşib. Jurnalist qeyd edir ki, aprelin 2-5-də yaranan qarşıdurmada Azərbaycanın günahı ola bilməz.
1992-1994-cü illərdə Ermənistan kənar dəstəklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edib. Nə sovet, nə Azərbaycan, nə Ermənistan, nə də beynəlxalq normalarla bu təcavüzü qanuni adlandırmaq olmaz. NATO-nun, yaxud Avropa İttifaqının heç bir ölkəsi Dağlıq Qarabağın müstəqilliyini tanımır. Beynəlxalq birlik də qınağa layiqdir, çünki iyirmi ildir danışıqlar durduğu nöqtədən bir addım belə irəli getməyib. ATƏT səfirlərinin Ermənistan prezidenti ilə mənasız görüşləri heyrət doğurur.
Çünki o, demaqoqcasına iddia edir ki, "kompromislərə hazırdır”, lakin yalnız Qarabağı ermənilərin əlində saxlayacaq güzəştlərlə. Azərbaycana isə səbrinə, təmkininə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinə, Avropa qətnamələrinin gücünə hələ də inandığına görə minnətdar olmaq lazımdır. Litva KİV-lərində internet məkanında peyda olan kadrlara çox az adam diqqət yetirib. Həmin videoda təbliğat məqsədi ilə erməni məktəblilərindən istifadə olunub. Onlar əllərində həqiqi avtomatlar tutaraq anti-Azərbaycan şüarları səsləndirir. Litvanın uşaq hüquqları müdafiəçiləri isə bu hoqqabazlığa barmaqarası baxırlar! Aprelin 4-də "LRT” kanalı ilə nümayiş etdirilən, Litva diplomatları və siyasi elmlər institutu təmsilçilərinin iştirakı ilə keçən Edmundas Yakilaytisin "Diqqət mərkəzində” verilişində belə bir fikir səsləndirilib ki, guya neft qiymətlərinin enməsindən pis günlər keçirən rəsmi Bakı bu müharibə ilə öz xalqının diqqətini iqtisadi problemlərdən yayındırmağa cəhd edib. Verilişdə bu cür münaqişəyə ümumiyyətlə heç bir iqtisadiyyatı olmayan, aclığın astanasında duran Ermənistanın daha çox ehtiyaclı olmasına bircə eyham belə vurulmayıb.
Gintaras Visotskas Litva oxucularının diqqətinə çatdırır ki, NATO alyansında ən güclü ordulardan birinə sahib olduğu deyilən Türkiyə rəsmən Ermənistanı Azərbaycana qarşı yorucu təxribatlar aparmaqda ittiham edib. Türkiyə xarici işlər nazirinin fikrincə, əgər Rusiya, Fransa və ABŞ həqiqətən bu münaqişəni həll etmək istəsəydilər, Azərbaycanın ərazi bütövlüyünü bir həftəyə bərpa etmək olardı.
Hətta Belarus Azərbaycanın ərazi bütövlüyünə ehtiramını və hərbi təcavüz nəticəsində itirilən torpaqların qaytarılması hüququna sahib olduğunu bildirib. Jurnalist yazır ki, britaniyalı deputat Stiven Hepbern bildirib ki, Ermənistanın təcavüzkar mövqeyi onu dəhşətə gətirir. Britaniyalı siyasətçi əmindir ki, beynəlxalq qətnamələrə məhəl qoymayan Ermənistanı onlara əməl etməyə məcbur etmək gərəkdir. Bir halda ki bu qətnamələr ümumiyyətlə icra olunmur, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etmək lazımdır. Aydındır ki, Azərbaycanı bütün dünyaya təcavüzkar kimi göstərmək üçün Ermənistan müəyyən tədbirlərə əl atır. Lakin ərazisi atəşə məruz qaldığı halda, Azərbaycan susa bilməz.
Azərbaycanın rəsmi mənbələri əmin edirlər ki, hər bir erməni hücumu ciddi hərbi cavabını alacaq. Həm də ehtiyatlanmağa dəyməz, artıq Dağlıq Qarabağda mülki əhali demək olar ki, qalmayıb.
BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov: “Ordumuz erməniləri geri çəkilməyə məcbur etdi”
İsrail ötən həftənin istirahət günlərində yenidən alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. BAKU.WS-in m...