Kollektiv Qərbin gülünc həmlələri: Robotlaşmış siyasətçilərin reallıqdan uzaq çıxışları

Kollektiv Qərbin gülünc həmlələri: Robotlaşmış siyasətçilərin reallıqdan uzaq çıxışları
Siyasət 21

Bu həftə Avropa Şurası Parlament Assambleyası (AŞPA) yenidən öz sevimli məşğuliyyətinə qayıtdı: avroparlamentarilər azərbaycanlı həmkarlarının iştirakı olmadan Azərbaycanda "insan hüquqları" mövzusunda debatlara başladılar.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Kollektiv Qərbin istənilən siyasi institutunda, məsələn, AŞPA və ya Avropa Parlamentində bu cür müzakirələrə diqqət yetirdikdə belə təəssürat yaranır ki, sanki Azərbaycanı tənqid edən Avropa siyasətçilərinin əllərində köhnə və hazır konspektlər var. Avropalı parlamentarilərin çıxışlarındakı səhvlər, qeyri-dəqiqliklər və qərəzli ifadələr belə düşünməyə əsas verir. Aktuallığını itirmiş tezislər əsasında qurulan nitqlər, çıxışçıların əksəriyyətinin Ermənistan-Azərbaycan münasibətlərinin nə tarixindən, nə də hazırkı reallıqlardan yetərincə məlumatlı olduqlarını göstərir.

Budəfəki müzakirələr də ənənələrdən geri qalmayaraq "Dağlıq Qarabağ"da həyata keçirilən etnik təmizləmələr"ə həsr olundu. Bu müzakirələr avropalı deputatların - təbii ki, hamısı deyil - siyasi cəhətdən nə qədər hazırlıqsız, birtərəfli və naşı olduqlarını, hansı səviyyədə təlimatlandırıldıqlarını və bəlkə də obyektivlikdən kənarda olan çıxışlarını müəyyən cazibədar faktorların təsiri və ya məcburiyyəti altında etdiklərini göstərir. Aydındır ki, onları öz ölkələrinin qanunverici orqanlarına seçən seçicilərin də Cənubi Qafqazda baş verənlərdən dəqiq məlumatları yoxdur. Başqa sözlə, bu şəxslər parlamentlərə Azərbaycana qərəzli yanaşma və ya Ermənistana sevgi ilə seçilmirlər. Bu da onlara beynəlxalq təşkilatlarda məsuliyyətsiz çıxışlar etmək üçün geniş imkan yaradır. AŞPA kimi qurumların icra etdiyi təsirsiz "geosiyasi dəyənək" rolu artıq heç kimə sirr deyil. Bu təsirin yalnız Azərbaycana deyil, həm də Avropa İttifaqına üzvlüyə namizəd olan qonşu Gürcüstana qarşı son aylarda güclənən hücumlar da bunun növbəti sübutudur.

AŞPA-da Azərbaycanın ünvanına söylənən ittihamların əsas məqsədi, əslində, sadəcə bu ittihamları səsləndirməkdir. Robotlaşmış avroparlamentarilər onlara verilən təlimatlar əsasında çıxışlar edir, lakin nə dediklərinin mahiyyəti, nə də gerçəkliklər barədə tam məlumatlıdırlar. Məsələn, XXI əsrdə, internet dövründə "etnik təmizləmə" barədə iddialar hansı məsuliyyətlə irəli sürülür? Axı media var, Azərbaycanda və Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklər və beynəlxalq təşkilatlar var ki, qeydiyyatlar aparırlar. Ermənilərin Qarabağdan könüllü qaçdığı zaman hansı belə instansiya "etnik təmizləmə" halını qeydə alıb? Bu, XX əsrin əvvəlləri deyil ki, "1.5 milyon erməninin Osmanlı imperiyasında soyqırımına məruz qalması" barədə yalanlar uydurasınız! 30 il əvvəl azərbaycanlıları qətl edən, tarixi yurdlarından zorla qovan, səkkiz şəhəri və yüzlərlə kəndi talan edib yer üzündən silən, məzarlarımızı, tarixi abidələrimizi və ibadət yerlərimizi dağıdan şəxslərin Ermənistana qaçması nə vaxtdan etnik təmizləmə olub? Azərbaycan pasportunu alıb vətəndaş olmaq üçün yaradılmış imkanlardan imtina edənlərin Qarabağı könüllü tərk etməsi etnik təmizləmə hesab edilə bilərmi? AŞPA tribunasından bu məsuliyyətsiz çıxışları edən şəxslər Azərbaycan polisinin "etnik təmizləmə"yə məruz qalan erməniləri qoruduğuna, onları qalmağa dilə tutduğuna və tibb işçilərinin onları müşayiət etdiyinə dair videogörüntüləri izləyiblərmi?

Budəfəki çıxışçılar arasında Litvanın xarici işlər naziri xüsusilə diqqət çəkdi. Qabrielyus Landsberqis rəsmi Bakının sentyabrın 1-də keçirilən parlament seçkisini müşahidə etmək üçün AŞPA-dan heç kimi dəvət etmədiyinə görə incik qalıb. Cənab Landsberqis hətta Azərbaycandan "tələb" də edir: Avropa Şurasına daxil olarkən üzərinə götürdüyü öhdəliklərə riayət etsin.

Litva kimi ölkələr qlobal siyasətdə heç bir xüsusi missiya daşıyıcısı deyillər. Onların əsas işi Parisin və Brüsselin tezisləri və təlimatları əsasında çıxışlar etmək, uzaqgörənlikdən məhrum olan və ikitərəfli münasibətləri təhlükə altına alan bəyanatlar verməkdən ibarətdir. Landsberqis bilir ki, debatlarda Azərbaycan təmsilçiləri iştirak etmirlər və ona narahat suallar verən olmayacaq. Məsələn, öhdəliklərdən danışılırsa, AŞPA-nın azərbaycanlı parlamentarilərin hüquqlarını pozmasını necə izah edə bilər? Azərbaycana qarşı məlum qərəzli mövqedə olan bir təşkilatın nümayəndələri hansı haqqa əsaslanaraq və hansı məqsədlə seçkini müşahidə etməlidirlər? Çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən, hətta Ermənistanın işğalçı dövlət olduğunu təsdiqləyən AŞPA rəsmiləri hansı haqla birtərəfli mövqe tutaraq İrəvanı müdafiə edirlər? Bu suallara Litva XİN rəhbərinin cavab verməsi çətin görünür. Çünki birincisi, o da təlimatlarla çıxış edir, ikincisi isə təmsil etdiyi dövlətin təsir imkanları sıfıra bərabərdir.

Belə görünür ki, Qərb yalnız AŞPA ilə kifayətlənməyib, digər beynəlxalq platformalar, hökumətlər, müxtəlif forumlar və tədbirlər vasitəsilə Azərbaycana "təsir etməyi" arsenalında qalan yeganə çıxış yolu kimi görür. AŞPA-dakı "müzakirələrlə" paralel olaraq Varşavada keçirilən təhlükəsizlik forumundakı açıq ermənipərəst atmosfer və Ararat Mirzoyanın "benefisi", ABŞ konqresmenlərinin həbsdə olan cinayətkar separatçı xuntanın liderlərinin "azad olunmalarını" Azərbaycandan "tələb etmələri" kimi mənasız aksiyalar sadəcə gülüncdür. Biz isə Xankəndidə dalğalanan üçrəngli bayrağımıza baxaraq bu cür məlumatları oxuyub gülürük.

Son xəbərlər