İlham Əliyev: "Zayed İnsan Qardaşlığı Mükafatı"nı almaq böyük şərəfdir

İlham Əliyev: Zayed İnsan Qardaşlığı Mükafatını almaq böyük şərəfdir
Siyasət 29

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyan "Zayed İnsan Qardaşlığı Mükafatı" kimi mükafatı almağın onun üçün böyük şərəf olduğunu bəyan edib.

BAKU.WS xəbər verir ki, Prezident Davosda "Euronews" televiziyasına müsahibəsində bildirib ki, bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərə verilən qiymət kimi qəbul edir:

"Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Biz Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri götürdük.

Bundan əlavə, biz Ermənistanın əsasən asılı olduğu əsas malların, ilkin növbədə, neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur".

Son xəbərlər