İlham Əliyev Davosda "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
Davosda yanvarın 20-də Azərbaycan Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə "J.P. Morgan" arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkədə sabit investisiya mühitinin olduğunu deyib.
O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan "J.P. Morgan" şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb. BAKU.WS report...