İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır

İcma: ABŞ konqresmenlərinin Azərbaycana qarşı qəbuledilməz mövqeyi açıq-aşkar şantajdır
Siyasət 21

Amerika Birləşmiş Ştatlarının bir qrup konqresmeni 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Antoni Blinkenə məktub yazaraq Azərbaycana qarşı qəbuledilməz mövqe ifadə edib. Konqresmenlər Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərin 29-cu görüşünə (COP29) ev sahibliyi etməsindən istifadə edərək, Ermənistanın gündəliyinə və regionda yenidən münaqişə yaratmağa xidmət edən bütün məsələlərin, o cümlədən müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların azadlığa buraxılması kimi beynəlxalq hüquqa zidd məsələlərin irəlilədilməsinə çalışırlar. Bu, açıq-aşkar şantajdır.

BAKU.WS xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirib.

"Əvvəla, qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun ümumbəşəri problemlərin həllinə verdiyi töhfədir. İkincisi, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar konvensiyaya tərəf dövlətlərin yekdilliklə dəstəklədiyi qərardır. Konqresmenlərin sözügedən COP29 məsələsindən şantaj vasitəsi kimi istifadə cəhdləri təkcə Azərbaycana deyil, bütövlükdə dünyaya və iqlim dəyişikliyi ilə bağlı beynəlxalq səylərə qarşı yönəlib.

Şantaj xarakterli müraciətin müəlliflərində Azərbaycana qarşı nifrət o qədər güclüdür ki, onlar azərbaycanlılara qarşı etnik və dini əsasda ayrı-seçkiliklərini, o cümlədən, bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına biganəliklərini heç gizlətməyə də çalışmayıblar. Müraciətin üslubu və məzmunu onun ABŞ Dövlət Departamentində tərtib edilmiş olmasına şübhə yeri qoymur.

Biz Amerika Birləşmiş Ştatlarından Azərbaycana qarşı şantaj və irqi ayrı-seçkilik siyasətini, eləcə də regionda yeni münaqişə yaratmaq cəhdlərini dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququna hörmət etməyi tələb edirik", - deyə İcmasının bəyanatında vurğulanıb.

Son xəbərlər