Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"

Hikmət Babaoğlu: Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir
Video
Siyasət 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. Görüşdə iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat bağlantılarının yaradılması, sərhədlərin delimitasiyası, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Hikmət Babaoğlu görüşün nəticələrini Baku TV-yə şərh edib.

Deputat bildirib ki, görüşdə nəqliyyat bağlantılarının yaradılması ilə bağlı növbəti praktiki addımların müzakirə olunması diqqət çəkir:

"Burada əsas məsələ bağlantılar məsələsidir. Bu bağlantıların cəm formada ifadə olunması təsadüfi deyil. Çünki söhbət bir neçə istiqaməti əhatə edən marşrutdan gedir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan-Ermənistan bağlantısı, daha sonra Naxçıvan istiqaməti və yenidən Azərbaycan-Ermənistan marşrutu nəzərdə tutulur".

H.Babaoğlu qeyd edib ki, hazırda tərəflər yalnız müəyyən məsələlərin razılaşdırılmasından deyil, onların praktiki icrasından danışırlar.

"Biz artıq nəyinsə razılaşdırılmasından daha çox, razılaşdırılan məsələlərin icrasından danışırıq. Məsələn, üçüncü ölkələrdən daşınan yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana göndərilməsi artıq real prosesdir. Sərhədlərin delimitasiyası istiqamətində görülən işlər də bu prosesin tərkib hissəsidir", - deyə deputat vurğulayıb.

Son xəbərlər