Heydər Əliyev Fondunun dəstəyi ilə yeni xalça kolleksiyası və kitab təqdim olunub - FOTO
Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub-saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib.
BAKU.WS xəbər verir ki, icrasına 2016-cı ildən başlanılan layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası - ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib.
Azərbaycanda xalçaçılıq sənəti əsrlər boyu xalqın məişət və mədəniyyətinin ayrılmaz hissəsi olub və bu günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırıqları və qayğısı nəticəsində Azərbaycanda xalçaçılıq sənətinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilib, müxtəlif layihələr həyata keçirilib.
Heydər Əliyev Fondunun qədim sənətə yeni nəfəs verən kolleksiyasındakı “Yaranış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəst xalı-gəbələri bənzərsiz sənət nümunələri kimi ziyarətçilərin marağına səbəb olub. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsi ilə ziyarətçiyə öz mesajlarını çatdırır. “Yaranış” əsərində isə xammalın hazırlanmasından xalçanın tam ərsəyə gəlməsinə kimi bütün mərhələlər parlaq bədii dillə öz əksini tapıb.
Yeni kolleksiyanın yaradılmasında Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadə başda olmaqla altı rəssam və on dörd toxucu iştirak edib. Təbii boyalarla rənglənən xalçalar ipək və yundan toxunub. Burada 170 rəng və çalardan istifadə olunub. Müxtəlif rəng çalarlarının əldə olunması üçün toxucular saç kimi nazik ipək ipləri açaraq bir neçə rəngdən yeni bir ip yaradıblar. Xalçaların ərsəyə gəlməsində ecazkar Şəki Xan Sarayı, Şəkixanovların evi, şəbəkələr, təbiətdən gələn naxışlar, zəngin flora və faunamız, təkəlduz tikmələri, zərif zərgərlik məmulatları tükənməz ilham mənbəyi olub, ilmə-ilmə xalçalarda əbədiləşərək öz əksini tapıb.
“Azərbaycan xalçası - ilmələrin rəqsi” kolleksiyasına daxil olan əsərlər barədə ətraflı məlumat isə eyniadlı kitabda yer alıb. Nəşrdə oxuculara Azərbaycanda xalça sənətinin tarixi, qədim sənətin yaşadılması üzrə dövlət tərəfindən görülən tədbirlər, yeni kolleksiyanın ərsəyə gəlməsi prosesi barədə materiallar təqdim edilir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...