Fransaya casusluqda təqsirləndirilən şəxsə ittiham aktı elan olunub

Fransaya casusluqda təqsirləndirilən şəxsə ittiham aktı elan olunub
Siyasət 38

Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər birinə hüquqları izah edilib.

Martin Ryan müdafiəçi və tərcüməçi ilə təmin edilib.

Açıq məhkəmə prosesində yerli va xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları iştirak ediblər.

Məhkəmə istintaqı açıq elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Martin Ryan eyni zamanda bəzi xarici dövlətlərin Azərbaycandakı səfirliklərində işləmiş şəxslərlə məqsədyönlü şəxsi münasibət qurub məlumatlar alaraq xarici xüsusi xidmət orqanına ötürməkdə şübhəli bilinir.

İttiham aktında qeyd olunub ki, təqsirləndirilən Martin Ryan Azad Məmmədlini Səbail rayonunda kirayə yaşadığı evdə və həmin ərazidə yerləşən restoranların birində Fransanın xüsusi xidmət orqanları əməkdaşları ilə görüşdürüb.

Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub.

Təqsirləndirilən şəxslər - Martin Ryan və Azad Məmmədliyə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onları 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Açıq məhkəmə prosesində təqsirləndirilən Martin Ryan cinayət işi üzrə özünü qismən təqsirli bildiyini deyib və bunu sübuta yetirəcək dəlillərinin mövcudluğunu qeyd edib.

Növbəti məhkəmə prosesi fevralın 19-na təyin edilib. Növbəti prosesdə təqsirləndirilən şəxslər ifadə verəcək.

Qeyd edək ki, Martin Ryan və digərləri 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin "dövlətə xəyanət" ittihamı ilə mühakimə olunacağı bəlli olub.

Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

Son xəbərlər