Forpostluğunu dəyişən Ermənistan: Paris erməniləri növbəti fəlakətə sürükləyir - FOTO - ŞƏRH
Yeniliklərdən dərhal xəbərdar olun
Fransa riyakarcasına Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edir. Rəsmi Paris Ermənistanı silahlandırmaq, onu yeni münaqişələrə cəlb etməklə bölgəni gərginliyə sürükləməyi prioritet siyasətinə çevirib. Xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri də məhz bu çirkin missiyanı reallaşdırmağa yönəlib. Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupuna rəhbərik etmiş bir ölkə birtərəfli qaydada anti-Azərbaycan siyasəti ilə seçilir, separatizmi dəstəkləyir.
BAKU.WS report-a istinadən xəbər verir ki, təbii ki, Fransanın digər planları kimi, Ermənistanla bağlı səyləri də nəticəsiz qalacaq. Kolonnanın “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi, nəhayət ki, Fransanın vicdanlı və neytral vasitəçi olmaq iddiaları üzərindən qalın bir xətt çəkib, bütün maskaları yırtmış olub. Azərbaycan Qarabağda antiterror tədbirləri ilə separatçıların fəaliyyətinə son qoyaraq bölgəyə hakimliyini təmin edib. Artıq Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə start verilib. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında qanunun aliliyini bərpa etməyə başlayıb. Fransa isə bütün bunlarla barışa bilmir. Arada qalan, inkişaf və tərəqqidən məhrum olacaq ölkə yenə də Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, inkişaf, tərəqqi sülh və əmin-amanlıqdan keçir.
Ermənistan üçün ən təhlükəli olan Kolonnanın Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqı missiyasının mandatının gücləndirilməsi barədə fikirləridir. Rəsmi Paris bu addımı ilə Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu göstərmiş olub. Ermənistan isə militarizmə və revanşizmə sövq etmək kimi təhlükəli oyuna baş vurur.
Fransanın Qafqaz siyasətini aktivləşdirməsinin hədəfi bəllidir və bunu bir neçə bəndə bölmək olar.
Birincisi və ən əsası, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq. Kolonna da bunu açıq şəkildə ifadə edib, Ermənistanın Roma Statutunu ratifikasiya etməsini alqışlayıb, bunu vaxtında verilən qərar adlandırıb. “Digərləri ilə birlikdə bu, həm də çox mühüm əlamətdir ki, Ermənistan qətiyyətlə demokratiya və sülhə doğru irəliləyir, çünki ədalətsiz sülh yoxdur”, - deyə K.Kolonna bəyan edib.
İkinci məsələ dolayısı ilə yenə Rusiyaya aiddir. Fransalı nazir Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını genişləndirməyi hədəf götürdüklərini ifadə edib. K.Kolonna gələcəkdə bu missiyanın sayını artırmağı hədəflədiklərini, onun “daha faydalı ola bilməsi” üçün mandatını gücləndirmək xahişi ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə müraciət etdiyini deyib. Məqsəd də Rusiyanın rolunun azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq və Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasıdır. Bir sözlə, Fransanın Ermənistanda Aİ-nin “mülki missiyasını” genişləndirmək cəhdi fürsətdən istifadə edərək Aİ qüvvələrinin regiona daha çox yerləşdirilməsinə çalışmaq deməkdir. Eyni zamanda, Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsi onun KTMT-dən çıxması anlamına gəlir. Fransa Ermənistanın “təhlükəsizliyi”ni üzərinə götürməklə, Rusiyanı bu ölkədən çıxarmaq niyyətini açıq şəkildə ortaya qoyur.
Fransanın Ermənistanda möhkəmlənəcəyi, Rusiyanı oradan sıxışdırıb çıxaracağı, ola bilsin ki, baş tutsun. Lakin birmənalı şəkildə deyə bilərik ki, onun azərbaycanofobiyaya əsaslanan siyasəti həmişəki kimi iflasa uğrayacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...