Əsgər yoldaşlarını döyüş meydanında tək qoymayan Şəhid Emin - FOTO/VİDEO

Əsgər yoldaşlarını döyüş meydanında tək qoymayan Şəhid Emin - FOTO/VİDEO
Foto Video
Siyasət 279

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbədə, düşmənin məhv edilməsində və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən hərbçilərimizdən biri də İsmayilov Emin Tahir oğludur.

BAKU.WS xəbər verir ki, qəhrəman gizirimiz Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı şəhadət məqamına yüksəlib.

İsmayılov Emin Tahir oğlu 21 may 2001-ci ildə Bakı şəhəri, Nəsimi rayonunda anadan olub. Əslən Cəbrayıl rayonundan olan Emin Nəsimi rayon 54 saylı tam orta məktəbin məzunu olub. Peşəkar idmanla məşğul olub.

Şəhid Emin 2019-cu ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb. Şəhid Emin Goranboy rayonunda hərbi xidmətdə olan zaman Vətən müharibəsi başlayıb. O, torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərərək 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb.

O, müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas edib. Yaxınlarının dediyinə görə, oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmayan İsmayılov Emin də şəhid olub.

Qeyd edək ki, İsmayılov Emin Tahir oğlu 2-ci Fəxri xiyabanda dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İsmayılov Emin Tahir oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəsur Döyüşçü" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Son xəbərlər