Ermənistandakı pozuntulara verilən reaksiyalar ikili standartlardan xəbər verir - Politoloqdan AÇIQLAMA

Ermənistandakı pozuntulara verilən reaksiyalar ikili standartlardan xəbər verir - Politoloqdan AÇIQLAMA
Siyasət 21

Beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən seçkilərə fərqli yanaşması qlobal demokratik institutlara etimadın azalmasına səbəb olur.

Bunu politoloq Yeganə Hacıyeva BAKU.WS-ə açıqlamasında deyib.

Onun sözlərinə görə, eyni xarakterli seçki pozuntuları bəzi ölkələrdə demokratiyaya ciddi təhdid kimi qiymətləndirildiyi halda, geosiyasi baxımdan üstünlük verilən dövlətlərdə həmin hallar "texniki çatışmazlıq", "prosedur qüsuru" və ya "təkmilləşdirmə ehtiyacı" kimi yumşaq ifadələrlə təqdim edilir.

Politoloq bildirib ki, buna nümunə kimi Ermənistanda seçki ərəfəsində və seçki günü baş verən hadisələri göstərmək olar:

"Ermənistanda siyasi mühit ətrafında yaranan pozuntular, müxalifətin irəli sürdüyü ittihamlar, hüquq-mühafizə orqanlarının siyasi proseslərdə roluna dair iddialar və seçki mühitinə təsir göstərə biləcək hadisələr beynəlxalq hesabatlarda əksər hallarda yumşaldılmış formada təqdim olunur."

Y.Hacıyeva qeyd edib ki, ölkədə müxalifət nümayəndələrinin həbsi, siyasi təzyiq iddiaları, dövlət resurslarından seçki prosesində istifadə olunması və rəqabət mühitinin məhdudlaşdırılması kimi problemlərin mövcudluğuna baxmayaraq, Ermənistana münasibətdə beynəlxalq reaksiyalar daha yumşaq olur.

Onun fikrincə, analoji proseslər başqa ölkələrdə baş verdikdə isə beynəlxalq qurumlar "demokratik geriləmə", "institusional böhran" və "avtoritar meyillər" kimi daha sərt ifadələrdən istifadə edirlər.

Politoloq hesab edir ki, bu yanaşma seçki müşahidəsinin obyektiv qiymətləndirmə mexanizmi olmaqdan çıxaraq siyasi təsir alətinə çevrilməsi ilə bağlı haqlı suallar yaradır.

"Demokratik dəyərlərin universallığı iddia olunsa da, onların tətbiqində selektiv yanaşmanın nümayiş etdirilməsi beynəlxalq qurumların prinsiplərdən daha çox siyasi maraqlara əsaslandığı barədə təsəvvürü gücləndirir", – deyə o bildirib.

Y.Hacıyeva vurğulayıb ki, bəzi hallarda ciddi qanun pozuntuları və ictimai iradəyə təsir göstərən proseslər "demokratik irəliləyiş" kimi təqdim olunur, digər ölkələrdə isə daha kiçik miqyaslı problemlər kəskin tənqid hədəfinə çevrilir. Onun sözlərinə görə, bu yanaşma demokratiyanın mahiyyətindən çox, onun siyasi məqsədlər üçün şərh edilməsini ön plana çıxarır.

Politoloqun fikrincə, nəticədə beynəlxalq müşahidə missiyalarının legitimliyi zədələnir və onların hesabatları qərəzsiz ekspert rəyi kimi deyil, geosiyasi maraqların ifadəsi kimi qəbul edilir.

Y.Hacıyeva hesab edir ki, demokratik dəyərlərin qorunması üçün ilk növbədə həmin dəyərləri qiymətləndirən beynəlxalq institutlar vahid standartlara, şəffaflığa və siyasi neytrallığa əməl etməlidirlər. Əks halda, ikili standartlar demokratiyanın möhkəmlənməsinə deyil, onun nüfuzunun zəifləməsinə xidmət edəcək.

Şahanə Xankişiyeva

Son xəbərlər