"Erməni kilsəsi azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı" - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.
"Report" xəbər verir ki, verilişdə tarixçi İlqar Niftəliyev millətçi ermənilərin Daşnaksütyun Partiyasının gizli ordusunun necə formalaşmasından danışıb.
Onun sözlərinə görə, 1892-1912-ci illər arasında keçirilən daşnak qurultaylarının planları Qarabağda da həyata keçirilib:
"Azərbaycanlılara qarşı qırğınların arxasında xüsusi güclər dayanırdı. Erməni silahlı dəstələri həmin qüvvələr tərəfindən maliyyələşdirilirdi və kilsənin bu prosesdə real rolu böyük idi. Bir sözlə, Qarabağda baş verənlər böyük geosiyasi oyunun tərkib hissəsi idi".
Tarixçi bildirib ki, bu gün Türkiyəyə qarşı aparılan təbliğatın gizli məqamları üzə çıxır:
"Andraniki o dövrdə Rusiya silahlandırdı. İrəvan quberniyasında 400 min erməni 1918-1920-ci illər faciələrinə zəmin yaratdı. Erməni terror təşkilatları ilə birgə kilsə də azərbaycanlılara qarşı qırğınlarda xüsusi koordinasiya işləri aparırdı. Qarabağda və Zəngəzurda dağıdılan Azərbaycan kəndləri arxiv sənədlərində əks olunur".
İ.Niftəliyev sonda çar hökumətinin Qafqazda qanlı toqquşmaları dayandıra bilməməsi və 1906-cı il Tiflis barışıq qurultayının real nəticə verməməsinin səbəbləri, həmçinin Difai Partiyasının yaradılmasının məqsədi ilə bağlı fikirlərini söyləyib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Oxşar xəbərlər
Prezident: "Hər bir nazirlikdə rəqəmsallaşma və kibertəhlükəsizlik prioritet sayılmalıdır"
"Dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət quruml...