Erməni bloqer: "Rusiya istehzalı-müdafiə tonunda cavab verib, təxribatını əsaslandırmağa çalışacaq"

"Məhz Moskva və "Qarabağ klanı" son beş il ərzində bütün vasitələrlə kommunikasiyaların açılmasına mane olurdular, çünki onların siyasi mövcudluğu Ermənistanın təcrid olunmasından asılı idi".
Bunu Vaşinqtondakı tarixi görüşlə bağlı Oxu.Az-a müsahibəsində erməni jurnalist Natali Aleksanyan deyib. Müsahibəni təqdim edirik:
- Azərbaycan və Ermənistan liderləri birgə bəyannamə imzaladılar. Ermənistanın sadə vətəndaşları bunu necə qəbul edirlər? Deyə bilərikmi ki, bu hamı üçün gözlənilməz oldu?
- Bəyannamənin imzalanması, əsasən, cəmiyyət üçün gözlənilməz oldu, lakin eyni zamanda, ehtiyatlı münasibət yaratdı. Bunun səbəbi odur ki, insanlar yaxşı xatırlayırlar - məhz Rusiya və "Qarabağ klanı" illər boyu bu prosesi dalana dirəyərək, sülhə və inkişafa mane olurdular. İndi sənəd var, lakin etimad yalnız bu iki qüvvənin təsirinin tam aradan qaldırılması halında mümkündür.
- Nikol Paşinyan bəyannamədəki bəzi məqamlarla bağlı jurnalistlərə şərh verməli oldu, xüsusilə o, "reciprocal" - "qarşılıqlı" sözünə diqqət yetirdi. Ermənilər nədən qorxurlar?
- Narahatlıqlar onunla bağlıdır ki, "qarşılıqlılıq" sözü Ermənistana qarşı istifadə edilə bilər - qarşı tərəf və ya tərəflər onu güzəştlərə məcbur edərək, özləri vədlərini yerinə yetirməyə bilərlər. Bu, illər boyu tətbiq olunan ssenarinin - cəmiyyəti "balanslaşdırılmış kompromislər" barədə yalan vədlərlə aldadaraq, əslində, onun asılılıqda, küncə sıxılmış vəziyyətdə saxlanmasının doğurduğu təlaşdır.
- Ermənistanın baş naziri, həmçinin Rusiyanı kommunikasiyaların açılmasını pozmaqda ittiham etdi. Sizcə, Moskvadan hansı reaksiyanı gözləmək olar?
- Çox güman ki, Rusiya istehzalı-müdafiə tonunda cavab verəcək, öz təxribatını əsaslandırmağa çalışacaq. Lakin fakt faktlığında qalır: məhz Moskva və "Qarabağ klanı" son beş il ərzində bütün vasitələrlə kommunikasiyaların açılmasına mane olurdular, çünki onların siyasi mövcudluğu Ermənistanın təcrid olunmasından asılı idi.
- Kommunikasiyaların açılmasını Üçtərəfli Bəyannamənin imzalanmasından sonra, təxminən, beş il gözlədik. Dünən yeni aktorla yeni sənədlər imzalandı. Deyə bilərikmi ki, həll yaxındır?
- Yeni oyunçunun cəlb edilməsi ümid verir, lakin həllin yaxın olduğunu demək hələ tezdir. İllərlə pərdə arxasında prosesə mane olmaq və süni gərginlik yaratmaq üçün əlindən gələni əsirgəməyənlərin fəaliyyəti davam etdikcə istənilən razılaşma zəif qalır. Real irəliləyiş yalnız bu qüvvələr qərar qəbuletmə prosesindən tamamilə çıxarıldıqda mümkün olacaq.
- Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma artıq bir neçə aydır, davam edir. Paşinyanı xəyanətdə ittiham edənlər, revanşistlər də az deyil. İndi isə yeni sənəd və yeni öhdəliklər var. Bu, ölkədəki vəziyyətə necə təsir göstərəcək? Yeni etiraz aksiyaları dalğası gözlənilirmi?
- Yeni sənədin imzalanması gərginliyin artmasına səbəb olacaq və "Qarabağ klanı" Rusiyadan dəqiq göstərişlər alaraq, yenidən vəziyyəti destabilizə etməyə çalışacaq. Bəli, bəyannamə imzalanıb, lakin bu hələ son deyil - bizim mübarizəmiz dayanmayacaq. "Qarabağ klanı" öz cinayətlərinə və uzun illər Moskvanın aləti olduğuna görə məsuliyyətə cəlb edilməlidir.
Oxşar xəbərlər
Ukrayna mediası Azərbaycan və Ermənistan arasında sülh sazişini tarixi hadisə adlandırıb
Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaş...
