Ərdoğanın bu qələbəsi Türk dünyasının müqəddiməsidir - AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"2023-cü ilin ən mühüm yarışması olan bu seçkilərdə sadəcə Ədalət və İnkişaf Partiyası, Türkiyə qazanmadı, bütövlükdə Qarabağ Zəfəri yenidən taclandı, şəhidlərimizin ruhu şad oldu, o torpaqlara sanki yeni nəfəs verildi, Zəngəzur dəhlizinin reallaşmasının önünə keçmək istəyən qüvvələrin arzuları, murazları gözlərində qaldı, gözü isə həsrətlə dədə-babalarını gözləyən Türk elləri qazandı".
Bunu BAKU.WS-ə açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın dimdik duruşu, imperializmə açıq meydan oxuması, o qüvvələrin önündə itaətkar müttəfiq olmaması həmin kəsləri qıcıqlandıran, bu gün isə dərindən sarsıdan səbəb idi. Bu illər ərzində Türkiyəyə “İslam faşizmi”, “aqressiv neottomanizm”, Ərdoğana isə “ekspansionist sultan” kimi ləkələr də yapışmadı:
"Sadəcə Türkiyəni deyil, geniş bir coğrafiyaya sahib torpaqları məzhəb, bölücülük, savaş meydanına çevirmək istəyən qüvvələr, imperializmi arxasına alan İran, Ermənistan məğlub oldu. Müdrik qərarlar müdrik xalqlara məxsusdur, yalnız müdrik zəkaya malik xalq uzunmüddətli hədəflərə fokuslanır, dövlət etikası, ən əsası da yalnız qədim dövlətçilik ənənəsinə malik xalqın iradəsi bunu tələb edir, məhz bunu da şərtləndirir. Odur ki, bir olan xalq öz qərarını verdi. Potensial məğlubiyyət xülyaları fonunda Türk diskursu qalib gəldi.
Bayram isə bayrama qarışıb! Müstəqilliyimizin 105-ci ili, Laçınımızı məhz bugünkü məkirli qüvvələrin o vaxtki ayaq tozları vasitəsilə bizdən qopararaq torpaqlarımıza soyu bəlli olmayan kəslərin yerləşdirilməsini dayandırıb, yeni bir Laçın quraraq soydaşlarımızın əzəli torpaqlarına dönməsi, seçkilərdə ədalətin, inkişafın, Ərdoğanın, Türk dünyasının qalibiyyəti!
105 il öncə müsəlman şərqində ilk demokratik respublika quran xalq bu gün də demokratiyanı dar mənada müəyyən edilmiş maraqlar ilə eyniləşdirənlərə demokratiyanın əslində nə olduğunun dərsini keçdi. İlk öncə milli maraqlar deyərək türk xalqını heç bir qüvvənin qarşısında heç bir mənada aşağı görməyin mümkünsüzlüyünü göstərdi, məhz sübut etdi".
Politoloq əlavə edib ki, digər seçim xalq üçün pis ilə qorxunc arasında öz xeyirlərinə görə manevr edərkən, Ərdoğan yaxşı və ən mükəmməl vədini nəinki xalqın xeyrinə Türkiyəyə vəd etdi, eyni zamanda bölgəni terrordan, separatizmdən, yoxsulluqdan çıxartmağın vədini verdi, birinci seçimin ən alt qrupuna düşmək ssenarisini təsəvvür belə etməyə imkan vermədi:
"Bu müddət ərzində bütün türk dünyası “Bir millət, iki dövlət, tək yumruq” oldu, ürəklər tək döyündü, gözlər hədəfdən bir an olsun belə yayınmadı. Seçkilərin nəticəsi məkrli qüvvələrin Türkiyə ilə bağlı narrativinə meydan oxudu. 2023-cü ilin ən mühüm yarışmasında Türk diskursu qalib gəldi. Ərdoğan illər boyu türk maraqlarını müdafiə etməkdə sarsılmaz sadiqlik nümayiş etdirdi. Bu məkrli qüvvələri məyus edən isə beynəlxalq güc balansının dəyişməsi fonunda Ankaranın çağırışları və təsirli addımlarının artması, güclənməsi idi. Məkrli qüvvələr üçün isə Türkiyənin İraq və Suriyaya çevrilməsinin, bu cür planların Türkiyənin maraqlarına zərər vurmasına paralel olaraq regional sabitliyə xələl gətirməsi kimi dağıdıcı əməllərin fərqi yox idi.
Biz isə bu gün də birik, biz diriyik, birliyimiz sarsılmazdır! Bu birlik və bu dirilik qarşıdakı 100 il erasında bizi hədəflərimizə çatdıracaq. Buna əminlik verən isə Ərdoğanın regional və qlobal böhranları idarə etmək bacarığının siyasi kursu ilə yanaşı öz xarakterindən irəli gələn naturası olmasıdır. Atom bombası istehsal etməklə bərabər səviyyəli olaraq açıq görünən siyasətin əksinə olaraq genişmiqyaslı siyasətə həm də milli maraqlara söykənən baxış siyasəti quran Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev qardaşlığı Qarabağı yenidən quracaq, o torpaqlara İslamın nəfəsini yenidən bəxş edəcək. Ermənistan da anlamalıdır böyük sülh "iqtisadi sülh" vəd edir, məhz bunun özü də erməni toplumunun qurtuluşunu şərtləndirir.
Türkiyənin adını təhlükə, ekspansionizm kimi ifadələrlə bərabər asossiasiya edən qüvvələr bundan sonra da Türkiyənin artan strateji və diplomatik əhəmiyyətini məcbur qalıb izləyəcəklər. Çünki əks ifadələrə Rəcəb Tayyib Ərdoğanın lüğətində yer yoxdur.
Rəcəb Tayyib Ərdoğanın bu qələbəsi Türk dünyasının müqəddiməsidir ki, gələcək nəsillərin minnətdarlığının ifadəsi olacaq".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...