Əli Əsədov: "Xəzərdə suyun səviyyəsinin azalması probleminin həlli üçün səylərimizi birləşdirməliyik"

"Xəzərdə suyun səviyyəsinin azalması probleminin həlli üçün səylər birləşdirilməlidir".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın "Avaza" milli turizm zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycanı və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir:
"Bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir".
Baş nazir bildirib ki, dənizə çıxışı olmayan ölkə statusuna baxmayaraq, Azərbaycanın nəqliyyat siyasəti və yeni, müasir infrastrukturu coğrafi məhdudiyyətləri imkanlara çevirib:
"Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə mühüm töhfə verən ölkədir. Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması, hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Biz 2022-ci ildən etibarən Orta Dəhliz vasitəsilə yüklərin həcmində təxminən 90% artıma nail olmuşuq. Dəhliz boyunca tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb. Nümunə olaraq, Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya cəmi 10-12 günə çatması Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini vurğulayır".
Ə.Əsədov qeyd edib ki, Azərbaycanın və Mərkəzi Asiyanın nəqliyyat infrastrukturlarının inteqrasiyası Avrasiyada bağlantıların əsasını təşkil edir:
"BMT-nin xüsusi proqramı olan SPECA çərçivəsindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. 2023-cü ilin noyabrında SPECA-nın 25-ci ildönümünə həsr olunmuş Bakı Zirvə görüşünün yekunları, xüsusilə də qəbul olunmuş Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsi regional əməkdaşlığın gücləndirilməsinə və qlobal iqtisadiyyata inteqrasiyaya yönəlib".
Baş nazir vurğulayıb ki, rəqəmsal bağlantılar sahəsində əməkdaşlıq da böyük potensiala malikdir:
"Azərbaycan "Rəqəmsal İpək Yolu" kimi irimiqyaslı layihələr vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirir. Buraya Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilməsi də daxildir. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qlobal rəqəmsal iqtisadiyyatdan faydalanmaları məqsədilə informasiya texnologiyaları və telekommunikasiya sahəsində tərəfdaşlığın vacibliyi də xüsusi vurğulanmalıdır. Digər birgə səylər iqlim dayanıqlılığının gücləndirilməsi ilə bağlıdır".
Ə.Əsədov əlavə edib ki, ötən il Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olub:
"Hazırlıq işləri üçün bir ildən az müddətə baxmayaraq, uğurlu nəticələrini təmin edərək iqlim fəaliyyəti ilə bağlı tarixi qərarlar qəbul olundu. COP29-da Bakı Maliyyə Məqsədinin qəbul edilməsi qlobal iqlim maliyyəsində tarixi bir mərhələdir. Bu öhdəlik, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyəsinin 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutur. Azərbaycan, həmçinin Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün çərçivə üzrə danışıqları uğurla tamamlayaraq, Paris Sazişinin qəbulundan doqquz il sonra onun icrasını təmin etdi. Eyni zamanda, iqlim dəyişikliyindən təsirlənən həssas icmalara vacib dəstək verən İtki və Zərərlərə Cavab Fondunun tam fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olundu".
"Bu gün Xəzər sahilində toplaşdığımız üçün Xəzər dənizinin ekoloji problemlərini də qeyd etmək istərdim. Ən çox narahatlıq doğuran məsələ suyun səviyyəsinin azalmasıdır. Biz Xəzəryanı dövlətlərin üzləşdiyi bu ümumi problemin həlli üçün səylərimizi birləşdirməliyik. 2022-ci ildə Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının 6-cı Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bu ekoloji problemə xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin təklifinə əsasən, Xəzərin dayazlaşmasının səbəblərinin öyrənilməsi və qarşısının alınması məqsədilə ekspert qruplarının yaradılması istiqamətində addımlar atılır", - deyə baş nazir qeyd edib.
Ə.Əsədov bildirib ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələri gücləndirmək, regionları inteqrasiya etdirmək və daha firavan dünya naminə tərəfdaşlığı inkişaf etdirmək üçün bütün imkanlardan istifadə olunmalıdır:
"Azərbaycan öz təcrübəsi, resursları və xoş niyyəti ilə bu işə töhfə verməyə hazırdır. BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransına müvəffəqiyyətlər və ölkələrimiz üçün uğurlu nəticələr əldə olunmasını arzulayıram".
Oxşar xəbərlər
Paşinyanı devirmək üçün mənfur plan: Rusiya Qarabağdan könüllü köçən erməniləri "əzizləyir"
Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlanıb. Verilişdə Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli...