Ehtiyatda olan polkovnik: "C-130" təyyarəsinin qəzaya uğraması müəyyən texniki nasazlıq nəticəsində baş vermiş ola bilər"
"C-130" təyyarəsinin qəzaya uğraması müəyyən texniki nasazlıq nəticəsində baş vermiş ola bilər".
Bunu Oxu.Az-a açıqlamasında ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib.
O, ilk növbədə xatırladıb ki, "C-130" tipli təyyarələr Amerika Birləşmiş Ştatlarının istehsalı olan çoxməqsədli hərbi-nəqliyyat təyyarələridir. Bu təyyarələr müxtəlif modifikasiyalarda - "C-130A", "C-130D" və digər modellərdə istehsal olunub:
"C-130"lar öz effektivliyi və gücü ilə fərqlənən, dünya miqyasında etibarlılığı sübut olunmuş təyyarələrdir. Onların əsas təyinatı hərbi yüklərin və şəxsi heyətin daşınması, eləcə də desant əməliyyatlarında istifadə edilməsidir. Bu təyyarələr təkcə NATO ölkələrində deyil, həm də NATO-ya üzv olmayan dövlətlərdə, o cümlədən Anqola, Argentina və digər ölkələrdə geniş istifadə olunur".
Ehtiyatda olan polkovnik: C-130 təyyarəsinin qəzaya uğraması müəyyən texniki nasazlıq nəticəsində baş vermiş ola bilər
Polkovnik diqqətə çatdırıb ki, hazırda baş verən hadisə ilə bağlı araşdırma komissiyasının yekun rəyi hələ açıqlanmayıb. Mövcud məlumatlar yalnız ilkin ehtimallara əsaslanır və dəqiq nəticə kimi qəbul edilə bilməz:
"Qeyd edim ki, Türkiyə Silahlı Qüvvələrinin balansında kifayət qədər "C-130" tipli təyyarə mövcuddur. Bundan əlavə, bu ilin noyabr ayında Türkiyə Böyük Britaniyanın Hərbi Hava Qüvvələrindən 12 ədəd daha müasir "C-130C" tipli təyyarə əldə edib.
Hazırda qəza baş verən təyyarənin dəqiq markası barədə rəsmi məlumat verilməyib. Bununla belə, güman edirəm ki, bu, "C-130"un köhnə versiyalarından biridir. Məlumata əsasən, həmin təyyarə bir neçə il öncə təmirdən çıxıb və 2020-ci ildə texniki baxışdan keçdikdən sonra komissiya tərəfindən yenidən istismara buraxılıb.
Təyyarələrin istismar müddəti zamanla deyil, uçuş saatları ilə müəyyən edilir. Təmirdən sonra isə komissiya tərəfindən yeni uçuş resursu təyin olunur və bu, ilkin buraxılış resursundan bir qədər az olur".
O, hazırda hadisə ilə bağlı hər hansı dəqiq proqnozun verilməsinin doğru olmadığını bildirib:
"Mən hesab edirəm ki, məsələnin dəqiq səbəbi yalnız qara qutunun araşdırılmasından sonra müəyyən ediləcək. Hazırda araşdırma işlərini Türkiyə, Gürcüstan və Azərbaycan nümayəndələrinin daxil olduğu birgə komissiya həyata keçirir.
İlkin müşahidələrə əsasən, təyyarənin ümumi texniki vəziyyəti qənaətbəxş olub. Buna görə də ehtiyat hissələrinin yerindən tərpənməsi kimi versiya inandırıcı görünmür. Bununla belə, hadisənin müəyyən texniki nasazlıq nəticəsində baş vermiş ola biləcəyini istisna etmirəm".
Qeyd edək ki, noyabrın 11-də Türkiyənin "C-130" tipli hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycan sərhədindən təxminən beş kilometr məsafədə qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub. Onlardan 19-nun nəşi tapılıb, daha bir nəfərlə bağlı axtarışlar davam edir.
Oxşar xəbərlər
Türkiyə və Gürcüstan prezidentləri təyyarə qəzası ilə bağlı son durumu müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...