Ədalətə ən böyük zərbəni vuran “ədalət mücəssəməsi” - Avropa Şurası süquta doğru

Ədalətə ən böyük zərbəni vuran “ədalət mücəssəməsi” - Avropa Şurası süquta doğru
Siyasət 178

Avropa Şurası son günlər ədalət mücəssəməsi roluna bürünərək Azərbaycanı tənqid etməyə başlayıb.

BAKU.WS xəbər verir ki, qurum bunun üçün öz köhnə “sadiq dostlarını” işə salıb.

Belə ki, AŞ-ın sabiq baş katibi Tyorbörn Yaqland Azərbaycana qarşı Avropa Şurası Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsini təklif edib. Bu maddənin tətbiq edilməsi nəticəsində Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxarılacağına dair ehtimal irəli sürülür. Lakin 46-cı maddə indiyədək heç bir ölkəyə tətbiq edilmədiyinə görə bu maddə üzrə Azərbaycana qarşı iş başlayarsa, nə ilə nəticələnəcəyini demək mümkün deyil.

Bəs, görəsən, Avropa Şurasını narahat edən nədir? Əlbəttə ki, Azərbaycanın davamlı inkişaf yolu tutması və özünü Avropa Şurasından asılı duruma salmamasıdır. Bundan narahat olan qurum Azərbaycana müxtəlif yollarla təzyiqlər göstərməyə çalışır.

Lakin bütün təzyiqlərə ölkə rəhbərliyi tərəfindən lazımi şəkildə cavab verilir:

“Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər”.

Avropa Şurasını böhrana sürükləyən və quruma qarşı etibarsızlığa səbəb olan yüzlərlə ikili standart sadalamaq mümkündür. Bir neçəsinə diqqət yetirsək, mənzərə aydın olar.

2004-cü ildə ömürlük həbs cəzası almış Britaniya vətəndaşı Con Herst ölkəsində keçirilən seçkilərdə iştirak edə bilməməsi ilə əlaqədar Avropa İnsan Hüquqları məhkəməsinə müraciət edib. Avropa İnsan Hüquqları məhkəməsi Britaniya hökuməti tərəfindən həmin vətəndaşın hüquqlarının pozulması ilə əlaqədar qərar qəbul edib. Avropa Şurasının da üzvü olan Britaniyanın bu qərarı icra etməməsinə baxmayaraq, ona qarşı hər hansı cəza tədbiri həyata keçirilməyib.

Böyük Britaniya da öz növbəsində 2017-ci ildə Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarının icra edilməməsi ilə bağlı qaydalar qəbul edib.

Bundan başqa, Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı ilə bağlı 1416 saylı qətnamə qəbul etməsinə baxmayaraq, qətnamənin icrası ilə bağlı heç bir addım atılmayıb.

Qurum o qədər ikili standartlar nümayiş etdirib ki, artıq ölkələr bu təşkilatın qərarlarını da icra etməyə yanaşmır. Maraqlı faktı diqqətinizə çatdıraq. 2018-ci ilin statistik məlumatlarına əsasən, Rumıniya Avropa İnsan Hüquqları məhkəməsinin 309, Macarıstan isə 252 qərarını icra etməkdən yayınıb.

Bu, o deməkdir ki, Avropa Şurası ölkələr üzərində söz sahibi olmaq funksiyasını artıq itirib. Ölkələr artıq bu qurumla hesablaşmaq istəmirlər. Belə demək mümkündürsə, təşkilat öz quyusunu özü qazıb.

Təşkilatın yarıtmaz fəaliyyəti səbəbindən Ermənistan kimi işğalçı dövlətlər heç bir qətnaməyə riayət etmir və qurumla da hesablaşmır. Bundan ən böyük ziyanı çəkən də məhz Azərbaycandır.

Avropa Şurasının ayrı-ayrı ölkələrə qarşı apardığı qərəzli xətt artıq təşkilatın özünü ciddi böhrana sürükləyib. Qurum rəhbərliyi ayrı-ayrı ölkələrə qarşı münasibətdə ikili standartlarla yanaşmalar, xüsusi təzyiq mexanizmləri tətbiq edərək onları bu təşkilatdan bezdirmək kimi arzuolunmaz yoldan çəkinməlidir. Çünki belə təşəbbüslər təşkilatın özünü qısa zamanda çox sürətlə ciddi böhrana və süquta apara bilər.

70 il bundan öncə Avropa Şurası İkinci Dünya müharibəsinin dəhşətlərini yenicə yaşamış bəşəriyyətin ümidi, demokratiya dəyərlərinin yeni işartısı kimi meydana gəlmişdi. Amma, yəqin ki, onun ideya müəllifləri və yaradıcıları ağıllarına belə gətirməzdi ki, cəmi 70 ildən sonra insan hüquqlarının, bəşəri humanizm dəyərlərinin keşikçisi kimi qurulmuş bu təşkilat ayrı-ayrı maraqlı qrupların alətinə, təzyiq vasitəsinə çevrilərək nüfuzunu itirəcək.

Son xəbərlər