DSX-nin mətbuat xidməti helikopter qəzası zamanı niyə operativ işləmədi?
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçunun şəhid olması ölkəmizi matəmə bürüdü. Hadisə olan günü ölkədə istər sadə vətəndaşlarda, istərsə də KİV-lərdə məlumatsızlıq hökm sürürdü. Bunun başlıca səbəbi isə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin operativ fəaliyyət göstərməməsi idi.
Belə ki, 14 hərbçimizin şəhid olduğu qəza ilə bağlı rəsmi qurumun mətbuat xidməti vaxtında hərəkətə keçmədi. Daha doğrusu, ictimaiyyəti vaxtında məlumatlandıra bilmədi və əvəzində insanlarda böyük nigarançılıq yarandı. Məlumatsız insanlar isə xəbər almaq üçün sosial şəbəkəyə üz tutmaq məcburiyyətində qaldı. Elə həmin vaxt hadisə barədə məlumatı olan-olmayan və müxtəlif məqsədlər üçün məlumat paylaşan şəxslər gündəmə gəldi. Onların paylaşdığı adlar, məlumatlar, əlbəttə, ictimaiyyətdə müəyyən qədər çaşqınlıq yaratdı.
Heç kimə sirr deyil ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbiçinin həyatını itirməsi, 2 hərbi qulluqçunun isə yaralanması barədə rəsmi məlumat məhz həmin gün 16:00-dan sonra verilməyə başlandı. Bu isə səhər saatlarında baş verən qəzadan sonra çox vaxt keçməsi demək idi. Yəni insanlar saatlarla rəsmi məlumatı gözləməli oldular. Aydın məsələ idi ki, qəzanın bütün detalları, sirr sayılacaq informasiyaları DSX-dən heç kim tələb etmirdi. Lakin qəzanın baş verməsi zamanı xəsarət alanlarla bağlı dəqiq informasiyanın bu qədər gec verilməsi saxta, əsası olmayan və müxtəlif məqsədlər daşıyan məlumatların yayılmasına və insanlarda əlavə gərginlik yaratmasına səbəb oldu.
Belə həssas məqamlarda aidiyyəti qurumların mətbuat xidmətlərinin hadisəyə operativ reaksiyası sonradan yaranacaq bir çox neqativ məqamları aradan qaldıra bilər.
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...