"Caliber": "Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır"

Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb.
Nəşr yazır ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək.
Diqqət edin, hərbi vəzifəlilərin təlim toplanışı standart təlim müddətini əhəmiyyətli dərəcədə üstələyərək, rekord müddətdə - on həftə davam edəcək. Üstəlik, Caliber.Az-ın redaksiyasına mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, İrəvan apreldə müharibəyə başlamağı planlaşdırır.

Toplanan faktlar və məlumatlar sərhəddə qəsdən aqressiv hərəkətlərə hazırlıqdan xəbər verir ki, bu da yeni eskalasiya təhlükəsini daha real edir. Daha əvvəl xəbər vermişdik ki, Ermənistan hərbi planlamasında blitskriq - şərti sərhəddə əhalinin məskunlaşdığı ərazilərin ildırım sürəti ilə işğalı konsepsiyası nəzərdən keçirilir. Son aylar Ermənistanın hərbi avantüraya hazırlığına dair sübutları xüsusilə aydın müşahidə olunur. Eskalasiyada xüsusi rolu Avropa İttifaqının özünü "müşahidəçi" missiyası kimi təqdim edən qurumu oynayır. Lakin onun hərəkətləri başqa məqamlardan xəbər verir. Sərhəd boyu, xüsusən də toqquşmaların mümkün olduğu ərazilərdə kəşfiyyat işləri intensivləşdirilib. Avropalı "müşahidəçilər" qrupu sistemli şəkildə ərazini tədqiq edir, həssas mövqeləri müəyyənləşdirir və Azərbaycan qoşunlarının dislokasiyasını təhlil edir. Missiya monitorinq adı altında faktiki olaraq Ermənistan hərbi komandanlığına məlumatların ötürülməsi üzrə tapşırıqları yerinə yetirir ki, bu da neytrallıq prinsiplərini birbaşa pozur.

Bu cür aktivlik Ermənistanın hərbiləşdirilməsinin digər narahatedici əlamətləri ilə üst-üstə düşür. Təcavüzə hazırlığın ən bariz əlamətlərindən biri Azərbaycanla şərti sərhəddə on möhkəmləndirilmiş hərbi mövqenin tikilməsidir. Bu obyektlər öz quruluşuna və yerləşdiyi yerə görə müdafiə üçün nəzərdə tutulmayıb, hücum üçün rahat tramplin rolunu oynayır. Onların dislokasiyası elə diqqətlə planlaşdırılıb ki, strateji əhəmiyyətli ərazilər üzərində atəş nəzarəti təmin edilsin, sərhədyanı ərazilərin təhlükəsizliyinə təhdid yaransın. Eyni zamanda, bütün mövqelər tunellər sistemi ilə bir-birinə birləşib və erməni diversantların Azərbaycana qarşı təxribat törətməsi üçün nəzərdə tutulub. Ermənistan zorakı təxribata məqsədyönlü hazırlıq aparır, yeni reallıq yaratmağa can atır, sonra isə bunu artıq baş vermiş hadisə kimi təqdim etməyə çalışacaq. Məqsəd ondan ibarətdir ki, sərhəddə vəziyyətin sürətlə dəyişməsi Azərbaycanı yeni fakt qarşısında qoysun, Bakını işğalın özünə deyil, onun nəticələrinə reaksiya verməyə məcbur etsin.

Bu qəbildən planların reallaşdırılması üçün ciddi resurslar tələb olunur. Ermənistan son iki ildə hərbi satınalmalarını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah əldə edilməsinə milyardlarla dollar xərcləyib. Xüsusilə də ötən ilin payızında məlum olub ki, Hindistan özünün "Akaş" zenit-raket komplekslərinin ilk batareyasını Ermənistana göndərir. "New Indian Express" nəşri "Bharat Electronics Limited" şirkətinə istinadən xatırladıb ki, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 "Akaş" raket sisteminin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub. Eyni zamanda vurğulanıb ki, "Akaş" sistemi "yer-hava" tipli raketdir və 25 km-ə qədər məsafədə döyüş təyyarələrini, qanadlı raketləri, "hava-yer" tipli raketləri, pilotsuz təyyarələri və digər hava vasitələrini vurmaq qabiliyyətinə malikdir.
Paris isə regionda öz maraqlarını genişləndirərək Ermənistanı hava hücumundan müdafiə vasitələri, artilleriya və zirehli texnika ilə aktiv şəkildə təmin edir. Belə ki, Ermənistana Fransanın müasir CAESAR 155 mm-lik özüyeriyən artilleriya qurğuları və onların tərkib hissələri, eləcə də tank əleyhinə raket kompleksləri və "hava-hava" tipli raketləri çatdırılıb. Bundan başqa, onlarla "R511" və "R530" "hava-hava" tipli raketlər, 30 ədəd ERYX tank əleyhinə raketlər, Almaniya istehsalı olan onlarla DM32 qumbaraatanlar ("Bunkerfaust" kimi də tanınırlar), o cümlədən "Panserfaust 3" tank əleyhinə sistemlər Ermənistan ordusunun sərəncamına daxil olub. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın "Apilas" birdəfəlik əl reaktiv qumbarası və ABŞ-yə məxsus 50 ədəd "BGM71-TOW" tank əleyhinə raket kompleksləri verilib.

Aİ, həmçinin maliyyə tranşlarının ayrılması, o cümlədən Avropa Sülh Fondu vasitəsilə maliyyə tranşlarının ayrılması vasitəsilə də öz rolunu oynayır ki, bunlar birbaşa və ya dolayı yolla militarizasiyaya sərf olunur.
Bu, Ermənistanın elan etdiyi "müdafiə" strategiyasına heç bir şəkildə uyğun gəlməyən misligörünməmiş silahlanma miqyasıdır. Hər şey təcavüzə hazırlıqdan xəbər verir.
Ermənistan hərbi infrastrukturunun digər mühüm elementi də Lori bölgəsində yerləşən Harkop kəndindəki körpüdür ki, Yunanıstan tərəfinin fəal dəstəyi ilə quraşdırılması başa çatır. Bu, qoşunların və texnikanın tez zamanda döyüş bölgəsinə köçürülməsinə imkan verəcək mühüm logistika obyektidir. Beləliklə, qısa müddət ərzində sərhəddə qüvvələrin kəskin şəkildə yığılmasına şərait yaradılır ki, bu da qəfil hücum ssenarisində kritikdir.
Bütün sadalanan faktlar münaqişənin yenidən eskalasiyasına yönəlmiş vahid strateji plandan xəbər verir. Bu vəziyyətdə hərbi əməliyyatların mümkün bərpası ilə bağlı bütün məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşəcək. Azərbaycan dinc dialoqa hazır olduğunu dəfələrlə nümayiş etdirib, lakin zorakı ssenarinin tətbiq edilməsinə istənilən cəhdlərin qarşısı alınacaq. Bakı öz ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir. Ermənistan rəhbərliyi yeni hərbi təxribata stavka edir, lakin onun hesablamaları Ermənistanın özü üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. "Dəmir yumruq" yerindədir və ölkəmizə qarşı yönəlmiş istənilən avantüraya sərt və ildırım sürəti ilə cavab veriləcək və bundan sonra İrəvan yenidən bağışlanması üçün yalvaracaq. Ermənistanın hərbi-siyasi rəhbərliyinin ağlını başına yığması üçün hələ vaxtı var. Əks təqdirdə, İrəvanda yerləşən bütün tikinti texnikası "Yerablur"a yönləndiriləcək. Nə üçün? "Karqo 200" ilə (tabutların daşınmasını simvolizə edən reys - red.) yeni karvanlar üçün ərazinin genişləndirilməsinə.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib....
