"Bu məsələdə rus sülhməramlıları günahlandırıram" - Deputat
Yeniliklərdən dərhal xəbərdar olun
“Hadrutda baş verənlər təxribat xarakterli hadisədir. Məlum hadisə zamanı bizim dörd hərbçimiz həlak olub. Həmin ərazidə rus sülhməramlıları yerləşir ki, onlar atəşkəsi təmin etməli idilər. Çox təəssüflər olsun ki, rus sülhməramlıları tərəfindən atəşkəs təmin olunmayıb. Bu məsələdə mən onları günahlandırıram".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, rus sülhməramlılar bəyanata uyğun olaraq öz vəzifələrini lazımınca yerinə yetirsəydilər, heç bir ciddi problem olmazdı:
"Azərbaycan bunun cavabını verib. Dövlət Təhlükəsizlik Xidməti (DTX) Müdafiə Nazirliyi ilə birgə anti-terror əməliyyatı həyata keçirib. Terrorçuların müəyyən hissəsi öldürülüb və əsir götürülənlər var.
Fikrimcə, son vaxtlar rus sülhməramlıları bölgədə yeni xəritələr cızırlar. Onlar yaxşı bilirlər ki, Azərbaycan əhalisi bunu qətiyyən qəbul etmir. Azərbaycan əhalisi ilk gündən belə rus sülhməramlılarını qəbul etməyib. Bu, indi də belədir. Onlar bunu hiss etməli və başa düşməlidirlər ki, üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Əgər orada təxribatlar olacaqsa, bu təxribatlara rus sülhməramlıları şərait yaradacaqsa, Azərbaycan adekvat tədbirlərə əl ata bilər. Eyni zamanda öz ərazisini təmizləmək üçün digər üsullardan istifadə edə bilər”.
Millət vəkili hesab edir ki, Rusiyada müəyyən qüvvələr Gürcüstan, Ukrayna, Moldova, Belarus və digər ölkələrdə reallaşdırdıqları təxribatları Azərbaycanda təkrarlamağa cəhd göstərə bilər:
"Çünki Azərbaycanda da kifayət qədər ruspərəst qüvvələr var və bu, gizli deyil. Mən bunu bir neçə dəfə demişəm. Mən xahiş edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu məsələ ilə məşğul olsun. Burada Rusiyaya daha çox meyilli olan qüvvələr, vəzifədə olan şəxslər var. Bu şəxslər araşdırılmalı və birdəfəlik bilinməlidir ki, Azərbaycanda bu qüvvələrə imkan yaradılmasın. Azərbaycan vətəndaşı olaraq qalıb işləsinlər, amma təxribata imkan yaratmasınlar.
Rusiya Azərbaycandan pomidorun ixracına qadağa qoyub. Bunun üçün hansısa xəstəliyin yayılması səbəb göstərilir. Bunlar hamısı yaradılan müəyyən maneələrdir. Hesab edirəm ki, Azərbaycanda keçirilən hərbi paradın təsiri çox böyük olub. Bəzi dövlətlər bunu qəbul etmək istəmir.
Azərbaycan öz sözünü deyib, dövlət başçımız ölkənin mənafeyini hər şeydən üstün tutur və haqq səsini çatdırır. Türkiyə və Azərbaycanın yaxınlaşması, müəyyən isti münasibətlərin olması burada öz təsirini göstərir. Biz millət olaraq ehtiyatlı olmalıyıq, prezidentin dediyi kimi, bir yumruq tək birləşməli və işimizi axıra qədər davam etdirməliyik".
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...