Belarus ictimaiyyəti COP29 barədə maarifləndirilib

Belarus ictimaiyyəti COP29 barədə maarifləndirilib
Siyasət 4

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə Belarus ictimaiyyəti maarifləndirilib.

"Report" xəbər verir ki, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlının Belarusa səfəri çərçivəsində keçirdiyi bir sıra görüşlərin əsas mövzusu COP29-la bağlı olub.

Minskdə Belarus Parlamentinin deputatı, Belarus Ümumrespublika Gənclər Şurasının sədri Aleksandr Lukyanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında bütün istiqamətlər üzrə əməkdaşlıqdan və dostluq münasibətlərindən danışılıb.

Aleksandr Lukyanov bildirib ki, iki ölkənin gəncləri arasında əlaqələr üçün böyük potensial var, Belarus və Azərbaycan gəncləri müxtəlif istiqamətlər üzrə birgə layihələr icra edə bilərlər.

COP29 beynəlxalq iqlim konfransının əhəmiyyətindən danışan Fərid Şahbazlı qeyd edib ki, Bakıda keçiriləcək bu mötəbər tədbir qlobal ekoloji problemə qarşı dünya birliyinin mübarizəsinin yeni mərhələsi olacaq: "COP29-un keçirilməsində gənclərin rolu da əhəmiyyətlidir. Azərbaycan dövləti bu tədbirin təşkilində gənc könüllülərin fəaliyyətinə xüsusi diqqət yetirir. Gənclər dünyada iqlim dəyişikliklərinə qarşı mübarizədə öz müasir layihələri və yanaşmaları ilə rol oynayırlar. Azərbaycanda da bu istiqamətdə layihələrə Qeyri-Hökumət Təşkilatlarında Dövlət Dəstəyi Agentliyi dəstək olur".

İctimai Birliyin sədri həmçinin COP29 haqqında ətraflı məlumat verib.

Son xəbərlər