Bastrıkinin arxasındakı siyasi güclərin həzm edə bilmədiyi Azərbaycan reallığı
"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin təyyarə qəzası ilə bağlı dünən ictimaiyyətə açıqlanan məktubu onu göstərir ki, Rusiya dövləti əvvəlki ritorikasına, ənənəsinə sadiq qalaraq yalnız öz geosiyasi ambisiyaları çərçivəsində məsələlərə baxır, hüquqi, normativ və leqal aspektlərə dəyər vermir, qiymətləndirmir.
Onun məqsədi yalnız geosiyasi ambisiyalar, postsovet məkanında öz təsir imkanlarını daha da gücləndirmək və buna qarşı çıxan ölkələrə bir növ "gözdağı" vermək, qarşı qarayaxma kampaniyası aparmaq və təzyiqlər göstərməkdir".
BAKU.WS xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Sultan Zahidov deyib.
Bastrıkinin arxasındakı siyasi güclərin həzm edə bilmədiyi Azərbaycan reallığı
Onun sözlərinə görə, xüsusən də son bir ildə Rusiya-Azərbaycan münasibətləri timsalında da qeyd edilənlərin şahidi olmaqdayıq:
"Cinayət işinin bu cür bağlanması nəticə baxımından bir neçə anlam daşıya bilər. İlk növbədə bu, o demək ola bilər ki, Rusiyada dövlət institutları arasında koordinasiya lazımi səviyyədə deyil. Çünki oktyabrın 9-da Düşənbədə Putin özü etiraf etmişdi ki, təyyarə Rusiya HHM sistemi tərəfindən vurulub. Hətta dedi ki, Azərbaycanın haqlı tələbləri - hadisənin ictimaiyyətə etiraf olunması, günahkarların cəzalandırılması və kompensasiyanın ödənilməsi yerinə yetiriləcək. Lakin həmin hadisədən iki ay sonra biz İstintaq Komitəsinin rəhbərinin məktubunda tam fərqli ritorikanın şahidi oluruq.
Ya da bu, birbaşa sifarişdir və arxasında Rusiyanın siyasi dairələri dayanır. Çünki Azərbaycanın müstəqil xarici siyasət yürütməsi onların maraqlarına uyğun deyil".
"Qarabağ müharibəsindən sonra Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə nüfuzunu artırıb. Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Çin üçün strateji əhəmiyyətli bir gücə çevrilməkdədir. Rusiyada isə görünür ki, bunu həzm edə bilmirlər. Azərbaycanın Qafqazdakı çəkisi, Mərkəzi Asiyadakı təsiri, Yaxın Şərqdəki artan nüfuzu onların maraqlarına ziddir. Buna görə də müxtəlif yollarla Azərbaycana təzyiqlər edilir: Diaspor və biznes nümayəndələrinin sıxışdırılması, dövlətə bağlı media qurumlarında qarayaxma kampaniyalarının aparılması da bu qəbildən olan hadisələrdir" - deyə, analitik vurğulayıb.
O daha bir vacib məqama da toxunub:
"Beynəlxalq münasibətlərdə müxtəlif nəzəri məktəblər var. Məsələn, realizmin mahiyyəti güc üzərində qurulur. Realist yanaşmaya görə, supergüclər ilk növbədə yerləşdiyi coğrafiyada təsir sahibi olmaq istəyirlər. Onlar üçün beynəlxalq hüquq və mənəvi dəyərlər əhəmiyyət daşımır, hər şey geosiyasi maraqlara tabedir. Rusiyanın siyasəti də məhz bu cür yanaşmaya əsaslanır. Bu isə hüquqa və mənəviyyata deyil, gücə və maraqlara söykənən siyasətdir. Bu siyasət isə Rusiya üçün nəticə etibarilə müsbət deyil. Çünki Rusiya bu yolla sülh, dəyərlər, ədaləti yox, müharibə, zorakılıq, hüquqsuzluğu təbliğ edir. İndiki halda təyyarə qəzası ilə bağlı Rusiya İstintaq Komitəsinin məktubu da bir daha bu hüquqsuzluğun və beynəlxalq dəyərlərdən uzaq siyasətin göstəricisidir. Qeyd edim ki, bu, Rusiya üçün ilk belə hal deyil. Nə Malayziya hava yolları, nə də sovet dövründə Koreya təyyarəsinin vurulması məsələsində Rusiya heç vaxt məsuliyyəti öz üzərinə götürməyib".
Oxşar xəbərlər
Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan narkotik qaçaqmalçılığına qarşı mübarizəni xüsusi xidmət orqanlarının əsas vəzifələrindən biri adlandırıb və Milli Təhlük...