Bakı–Daşkənd əlaqələrinin güclənməsi Türk dünyasının geosiyasi çəkisini artırır - RƏY

Bakı–Daşkənd əlaqələrinin güclənməsi Türk dünyasının geosiyasi çəkisini artırır - RƏY
Foto
Siyasət 2

Azərbaycan–Özbəkistan münasibətlərinin arxasında artıq konkret iqtisadi nəticələr və real layihələr dayanır.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında deputat Elnarə Akimova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana başlayan dövlət səfəri çərçivəsində Daşkənddə keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər, qarşılıqlı təltiflər, açılan və təməli qoyulan layihələr göstərdi ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə dostluq və qardaşlıq ifadələri ilə məhdudlaşan münasibətlər deyil:

"Bu əlaqələr siyasi iradə, iqtisadi maraq, qarşılıqlı etimad və ortaq gələcəyə hesablanmış strateji baxış üzərində qurulan müttəfiqlik mərhələsinə daxil olub. Dövlət başçımızın Daşkənddə səsləndirdiyi fikirlər bu münasibətlərin fəlsəfəsini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Onu səsləndirdiyi "Daşkənd və bütün Özbəkistan yüksəliş dövrünü yaşayır" fikri, əslində, yalnız dost ölkənin inkişafına verilən yüksək qiymət deyil. Bu, Azərbaycan–Özbəkistan münasibətlərinin hansı siyasi və iqtisadi mühitdə inkişaf etdiyini göstərən mühüm mesajdır".

Bakı–Daşkənd əlaqələrinin güclənməsi Türk dünyasının geosiyasi çəkisini artırır - RƏY
Elnarə Akimova

Deputat vurğulayıb ki, bir vaxtlar iki ölkə arasında birgə layihələrin olmadığı halda, indi enerji, nəqliyyat, investisiya, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, dağ-mədən, bankçılıq və digər sahələrdə əməkdaşlıq genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi də bu baxımdan uzaq perspektiv kimi deyil, mövcud potensialın məntiqi nəticəsi kimi səslənir. İki iqtisadiyyatın paralel inkişafı artıq onların bir-birini tamamlamasına və qarşılıqlı investisiyaların artmasına şərait yaradır".

Elnarə Akimova Azərbaycan kapitalının Özbəkistan iqtisadiyyatında, Özbəkistan investisiyalarının isə Azərbaycanda daha fəal iştirak etməsinə diqqət çəkib.

"Səfərin mühüm nəticələrindən biri də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi oldu. Belə bir mexanizmin fəaliyyət göstərməsi iki ölkə arasında strateji gündəliyin sistemli şəkildə müzakirəsinə və qəbul edilən qərarların icrasına siyasi nəzarətin təmin olunmasına imkan verir. Daha vacibi isə Şuranın fəaliyyətinin konkret layihələr və sənədlərlə müşayiət olunmasıdır. Avqustun 23-də iki ölkə arasında müxtəlif istiqamətləri əhatə edən sənədlərin imzalanması və mübadiləsi əməkdaşlığın institusional əsaslarının daha da möhkəmləndiyini göstərdi", - deyə o qeyd edib.

Deputat əlavə edib ki, Daşkənddə "Yeni Daşkənd" layihəsi ilə tanışlıq və burada "Azərbaycan" parkının təməlinin qoyulması da münasibətlərin gələcəyə yönəlik simvolik ifadəsidir:

"Bütün bunların fonunda Prezident İlham Əliyevin Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi region kimi qiymətləndirməsi xüsusilə diqqətəlayiqdir. Bu fikir regionda gedən proseslərin mahiyyətini ifadə edir. Azərbaycan artıq Mərkəzi Asiyanın iqtisadi və nəqliyyat layihələrindən kənarda dayanan dövlət deyil. Xəzər üzərindən Orta Dəhliz, nəqliyyat bağlantıları, enerji layihələri və Türk dövlətləri arasında artan əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında strateji körpüyə çevirir. Özbəkistan isə bu xəttin ən mühüm tərəfdaşlarından biridir. Bakı–Daşkənd münasibətlərinin güclənməsi beləliklə yalnız ikitərəfli əməkdaşlığın deyil, Türk dünyasının geosiyasi çəkisinin artmasının da mühüm amilinə çevrilir."

Azərbaycan və Özbəkistanın münasibətləri artıq yalnız iki dövlətin münasibətləri olmadığını bildirən Milli Məclisin deputatı bu münasibətləri Xəzərdən Mərkəzi Asiyaya, Bakıdan Daşkəndə uzanan yeni geosiyasi reallığın mühüm dayaqlarından biri adlandırıb:

"Bu gün həmin xətt üzərində qurulan hər bir yol, məktəb, universitet, müəssisə, park və investisiya layihəsi əslində bir həqiqəti təsdiqləyir: Bakı–Daşkənd qardaşlığı tarixdən gələn münasibətin bu günün strateji tərəfdaşlığına, sabahın isə daha böyük Türk dünyası birliyinə çevrilən canlı nümunəsidir".

Son xəbərlər