Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun anım günüdür

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun anım günüdür
Siyasət 74

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, rus əsilli Yuri Kovalyovun anım günüdür.

Birinci Qarabağ müharibəsi şəhidi Yuri Kovalyov 1965-ci il mayın 29-da Göyçayda rus ailəsində doğulub. Üç yaşında olarkən atası onun ailəsini atıb.

1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçüb 5 ildən sonra isə Bakıya qayıdıblar.

O, orta təhsillə yanaşı idmana da böyük maraq göstərirdi. 11 yaşında olarkən idman ustası və Azərbaycanın əməkdar məşqçisi Ravil Cəlilovun rəhbərliyi ilə futbol məktəbinin ixtisaslaşdırılmış sinfində sevdiyi idman növünün sirlərinə yiyələnib.

Hələ futbol məktəbində oxuyarkən bacarıqlı qapıçı kimi formalaşan Yura öz çevikliyi ilə yoldaşları arasında fərqlənirdi. O, iki dəfə Bakı çempionu olub, Respublika və Ümumittifaq turnirlərində Bakının gənclərindən ibarət yığma komandasının qapısını qoruyub.

1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirib. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışıb.

1983-cü ildə Pribaltika hərbi dairəsinin sıralarına çağırılıb, hava desant qoşunlar xidmət etmiş və 1985-ci ildə ordudan tərxis olunub.

1987-ci ildə Bakı Qırmızı bayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar və Praporşiklər Məktəbinə daxil olmuşdur.

O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur.

Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir. Düşmən tərəfindən "Əsədovun bandası" adlandırılan XTMD-nin əməkdaşları ilə düşmənin rahatlığını əlindən almışdı. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı.  

Başına yüz min rubl qiymət qoyulmuşdu. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi və Kovalyov onları tez-tez müşayiət edərdi.

1991-ci il sentyabrın 3-də digər OMONçu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar.

Yura Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır. Ermənilər UAZa yaxınlaşanda partlayış baş verir.

Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər. O Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yuliya adlı qızı yadigar qalıb. O Futbolçu Vitali Kovalyovun qardaşıdır.

Son xəbərlər