Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH

Azərbaycan və Özbəkistan münasibətləri yeni tarixi mərhələ astanasında ŞƏRH
Siyasət 19

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin artıq regionda strateji tərəfdaşlığın dinamik nümunələrindən birinə çevrildiyi övrə təsadüf edir.

Son illərdə iki ölkə siyasi etimadı ardıcıl olaraq konkret layihələrə, iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat marşrutlarının inkişafına, humanitar təşəbbüslərə və regional əməkdaşlığın yeni formatlarının yaradılmasına çevirib.

Bu gün Azərbaycan və Özbəkistanı yalnız diplomatik münasibətlər deyil, daha geniş və dərin əlaqələr birləşdirir. Ortaq tarix, dil və mədəniyyət, dini və mənəvi yaxınlıq, adət-ənənələr xalqlarımız arasında münasibətlərin möhkəm təməlini təşkil edir. Bu tarixi və mənəvi baza son illərdə getdikcə daha praktik məzmun kəsb edən, qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslanan müasir münasibətlər modelinin formalaşmasına imkan yaradıb.

BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan–Özbəkistan münasibətlərinin formalaşmasında və inkişafında xüsusi rol oynayıb. Onun 1997-ci ildə Özbəkistana rəsmi səfəri ikitərəfli əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub. Həmin il imzalanmış sənədlər iki ölkə arasında siyasi dialoqun və qarşılıqlı əməkdaşlığın möhkəm təməlini qoyub.

Prezident İlham Əliyevin avqustun 23-24-də Özbəkistana dövlət səfəri isə bu siyasətin davamı olmaqla, iki ölkə arasında müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi və demək olar ki, bütün sahələrdə əlaqələrin genişləndirilməsi baxımından mühüm mərhələ təşkil edir.

"Səfər ərəfəsində Daşkənddə keçirilən Dördüncü Azərbaycan–Özbəkistan Regionlararası Forumu iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə mühüm təkan verdi. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığını ardıcıl şəkildə dərinləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət görüşləri bu əməkdaşlığın inkişafı üçün əsas platformalardan birinə çevrilib. Bu baxımdan, Azərbaycan ilə Özbəkistan arasında tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. İki ölkə Orta Asiya, Qafqaz və daha geniş Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat əlaqələrinin formalaşmasında mühüm rol oynayan tərəfdaşlara çevrilir", – deyə deputat bildirib.

H.Hüseynova vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın digər mühüm platformalarından biri Türk Dövlətləri Təşkilatıdır (TDT). Azərbaycan və Özbəkistan TDT-ni dövlətlərarası əlaqələrin inkişafına xidmət edən mühüm mexanizm, eləcə də ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərin qorunub saxlanıldığı məkan kimi qiymətləndirirlər. Bu istiqamət Bakı və Daşkənd üçün xüsusi əhəmiyyət daşıyır.

Bu yaxınlaşmanın diqqətçəkən nəticələrindən biri iqtisadi əməkdaşlığın sürətlə genişlənməsi olub. Hazırda Azərbaycanda Özbəkistanın 130-dan çox şirkəti fəaliyyət göstərir. Özbəkistan müəssisələri, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən layihələrdə fəal iştirak edirlər.

Humanitar əməkdaşlıq da siyasi və iqtisadi əlaqələrlə paralel olaraq inkişaf edir. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyət Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Həmin il Özbəkistanın Xivə şəhərində Azərbaycan Mədəniyyət Günləri və "Şuşa günləri" təşkil olunub.

Təhsil sahəsində əlaqələr də genişlənməkdədir. Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb. Özbəkistanın təşəbbüsü ilə Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb bu əməkdaşlığın mühüm nümunələrindən biridir. Məktəb 960 şagird üçün nəzərdə tutulub və 40 sinif otağı, laboratoriyalar, IT otaqları, idman və akt zalları, kitabxana və yeməkxana ilə təchiz edilib. 2025/2026-cı tədris ilində burada 583 şagird təhsil alıb.

Vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da inkişaf edir. 2023-cü ildə Füzulidə, 2024-cü ildə isə Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan QHT forumlarından sonra 2026-cı ildə iki ölkə ilk dəfə qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan edib. Müsabiqə çərçivəsində Azərbaycandan qalib seçilən layihələr Özbəkistanda, Özbəkistan QHT-lərinin qalib layihələri isə Azərbaycanda həyata keçiriləcək. Bu təşəbbüs insanlar, təşkilatlar, regionlar və peşəkar icmalar arasında geniş və birbaşa əlaqələr şəbəkəsinin formalaşmasına mühüm töhfə verir.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri son onilliklər ərzində iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bir daha nümayiş etdirir. Bu gün Azərbaycan və Özbəkistan arasında möhkəm siyasi təməl formalaşıb, birgə iqtisadi layihələr genişlənir, humanitar əlaqələr inkişaf edir və regional gələcəyə dair ortaq baxış mövcuddur. Bütün bu amillər sabitliyin, inkişafın və qarşılıqlı əlaqələrin əsas dayağına çevrilə biləcək vahid əməkdaşlıq sisteminin formalaşmasına zəmin yaradır.

Son xəbərlər