Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda MÜHÜM MÜZAKİRƏLƏR

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda MÜHÜM MÜZAKİRƏLƏR
Foto
Siyasət 16

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib. Səfər çərçivəsində Tbilisidə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

BAKU.WS xəbər verir ki, Gürcüstanın Kaxeti regionunda ölkənin İqtisadiyyat və Davamlı İnkişaf, Azərbaycanın İqtisadiyyat, Türkiyənin Ticarət nazirliklərinin dəstəyi, Gürcüstanın Ticarət və Sənaye Palatası (GCCI), Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) birgə təşkilatçılığı ilə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər üç ölkədən sənaye, maliyyə, energetika, İKT, nəqliyyat, logistika, kənd təsərrüfatı, və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

Forumun açılış mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Türkiyənin ticarət naziri Ömer Bolat çıxış ediblər.

Forumunda regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlardan danışılıb. Tədbirdə ticarət və investisiya əlaqələrinin əhatələndirilməsi müzakirə olunub, panel müzakirə və B2B görüşlər keçirilib.

Vurğulanıb ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regionda sabitliyin və dayanıqlı iqtisadi inkişafın möhkəmlənməsinə, enerji, nəqliyyat-logistika və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verir.

Qeyd olunub ki, bu işbirliyi formatı çərçivəsində reallaşdırılan layihələr regionun enerji mənzərəsini yenidən formalaşdırıb və Avropanın ənənəvi enerji mənbələrindən asılılığını azaldıb. Regional bağlantıların gücləndirilməsi üçün strateji imkanlar vurğulanıb. Enerji resurslarından effektiv istifadə, Orta Dəhlizin potensialının reallaşdırılması, rəqəmsal tranzit infrastrukturunun təkmilləşdirilməsi, ölkələrimizin ixrac imkanlarının artırılması və ticarət əlaqələrindəki dinamikanın davamlı dəstəklənməsinin önəmi diqqətə çatdırılıb.

Bildirilib ki, təchizat zəncirlərinə investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında sinerjinin təşviqi dayanıqlı iqtisadi ekosistemin formalaşdırılmasına xidmət edir.

Tədbirdə üç ölkə arasında iqtisadi inteqrasiyanın gücləndirilməsi və tərəfdaşlığın səmərəliliyinin daha da artırılması imkanları dəyərləndirilib, ikitərəfli ticarət münasibətləri barədə məlumat verilib.

Forum çərçivəsində "Biznes liderlərinin perspektivləri" mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələrdə ticarət və investisiya əlaqələrinin dərinləşdirilməsi, həmçinin yeni tərəfdaşlıqların qurulması imkanları haqqında fikir mübadiləsi aparılıb.

Tədbir çərçivəsində B2B görüşlər təşkil olunub.

Son xəbərlər