Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO Baş katibinin köməkçisi ilə görüşüb - FOTO - YENİLƏNİB-2

Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO Baş katibinin köməkçisi ilə görüşüb - FOTO - YENİLƏNİB-2
Siyasət 112

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 2-də NATO-nun mənzil-qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən "Report"a verilən məlumata görə, səfər Azərbaycan-NATO tərəfdaşlığının əsasını təşkil edən Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanmasının 29-cu ildönümü ərəfəsinə təsadüf edib.

H.Hacıyev səfər çərçivəsində NATO mənzil-qərargahında müttəfiq dövlətlərin iştirakı ilə “NATO+Azərbaycan” formatında siyasi dialoqda iştirak edib. O, həmçinin NATO Baş katibinin kəşfiyyat və təhlükəsizlik məsələləri üzrə köməkçisi Devid Katlerlə ikitərəfli görüş keçirib.

Prezidentin köməkçisi keçirilmiş görüşlər zamanı Azərbaycan-NATO tərəfdaşlığının cari vəziyyəti və perspektivləri, eləcə də regional məsələlər ətrafında müzakirələr aparıb. O, iştirakçılara Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, mina problemi, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi və digər qarşılıqlı maraq doğuran xüsuslar haqqında məlumat verib. Tərəflər arasında Azərbaycanın nəqliyyat imkanları və enerji təchizatındakı önəmli rolu barədə fikir mübadiləsi aparılıb.

NATO üzv dövlətləri Azərbaycanın etibarlı və önəmli tərəfdaş ölkə olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Sülh Naminə Tərəfdaşlıq proqramında aktiv iştirakını, Alyansın beynəlxalq sülhməramlı əməliyyatlarına töhfələrini, ələlxüsus Əfqanıstan missiyasına dəstəyini, qarşılıqlı operativ uzlaşmanın artırılması və müdafiə islahatları sahəsində əldə etdiyi tərəqqini təqdir edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri görüş iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.

H.Hacıyev səfər çərçivəsində Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun NATO-Azərbaycan münasibətlərinin inkişafına əvəzsiz töhfələrini əks etdirən memorial-fotostendin açılış mərasimində iştirak edib.

***16:18

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə NATO Müavinlər Komitəsi ilə keçirdiyi ikitərəfli görüş yekunlaşıb.

Bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə tvitterdə hesabında məlumat verib.

O bildirib ki, Hikmət Hacıyev NATO-Azərbaycan tərəfdaşlığının hazırkı statusu və perspektivləri, Azərbaycanın kommunikasiya və təhlükəsizliyi rolu, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məhsuldar fikir mübadiləsi aparıb.

***14:18

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.

Tərəflər Azərbaycan-NATO tərəfdaşlığı, terrorçuluqla mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***14:07

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yaxın saatlarda NATO baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrin nümayəndələri ilə görüş keçirəcək.

Bu barədə Azərbaycanın NATO-dakı missiyası məlumat yayıb.

Bildirilir ki, ikitərəfli görüş Müavinlər Komitəsi (DPRC) formatında keçiriləcək.

Son xəbərlər