Azərbaycan–Özbəkistan əməkdaşlığı: regional həmrəylikdən qlobal tərəfdaşlığa - ŞƏRH
Azərbaycanın xarici siyasət prioritetləri sırasında Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi yer tutur. İki ölkə arasında möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulmuş müttəfiqlik münasibətləri mövcuddur. İndiyə qədər Azərbaycan və Özbəkistan arasında əlaqələr bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edib və ölkələrimiz ən vacib məsələlərdə daim bir-birinə dəstək göstəriblər. Ölkələrimiz arasında qarşılıqlı səfərlər mütəmadi hal alıb.
Avqustun 23-də Prezident İlham Əliyev Özbəkistana dövlət səfəri edib. Səfər zamanı Azərbaycan və Özbəkistan prezidentləri –İlham Əliyev və Şafkat Mirziyoyev tərəfindən "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" imzalanıb. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər.
Onlar həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər.
Bundan başqa, tərəflər aşağıdakı sahələr üzrə əməkdaşlığa dair öhdəlik götürürlər.
Sənəddə qeyd olunub ki, münaqişələrin qarşısının alınması və nizamlanmasında, eləcə də regional və qlobal təhlükəsizlik problemlərinin həllində Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolunun daha da möhkəmləndirilməsinə sadiqliklərini təsdiq edirlər. Hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsinə kömək edəcək, xalqlar arasında dostluğun inkişafı üçün sosial və ictimai əsası möhkəmləndirəcək və bütün sahələrdə hüquqi əməkdaşlığı gücləndirəcəklər.
Beləliklə, bu sənəd ilə Azərbaycan–Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluq və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcəkdir.
Müttəfiqlik münasibətlərindən əbədi dostluğa uzanan bu yol, Azərbaycanla Özbəkistan arasında qardaşlığın yalnız bu gününü deyil, gələcək nəsillərini də birləşdirən möhkəm təməl rolunu oynayacaqdır. Ən əsası Azərbaycan ilə Özbəkistan arasında münasibətlər son illərdə Türk dünyasında ən sürətlə inkişaf edən və dərinləşən dövlətlərarası əlaqələrdən birinə çevrilob.
Sənəddə həmçinin qeyd olunub ki, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, "yaşıl" və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərirlər.
Yüklərin və sərnişinlərin əlverişli və qarşılıqlı faydalı daşınmasını təmin etməyə, eləcə də nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına yönəlmiş qarşılıqlı əlaqəli nəqliyyat sisteminin daha da möhkəmləndirilməsi üçün zəruri şərait yaradırlar. Və iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli köməklik göstərir, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirirlər.
Bu münasibətlərin əsasında yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarixi keçmiş, dil və mədəni yaxınlıq, mənəvi dəyərlər, qarşılıqlı hörmət və xalqlar arasında formalaşmış qardaşlıq bağları dayanır.
İmzalanan sənədə əsasən, Azərbaycan və özbək dillərinin qarşılıqlı tədrisinə, elmi və təhsil müəssisələri arasında birbaşa əməkdaşlığın inkişaf etdirilməsinə və birgə layihələrin həyata keçirilməsinə şərait yaradırlar.
Regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edir və turizm potensialının irəlilədilməsi və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığı təşviq edirlər.
İmzalanan müqavilə iki qardaş xalqın münasibətlərində tarixi mərhələdir və bu sənəd uzun illər ərzində formalaşmış dostluq və strateji tərəfdaşlığın məntiqi nəticəsi kimi meydana çıxıb. 1990-cı illərdə dostluq və əməkdaşlıqla başlayan münasibətlər 2000-ci illərdə strateji tərəfdaşlıq mərhələsinə yüksəlib, 2022-ci ildə daha da dərinləşib və 2024-cü ildə rəsmi müttəfiqlik səviyyəsinə çatıb. Avqustun 23-də imzalanan müqavilənin əhəmiyyəti yalnız onun siyasi məzmunu ilə məhdudlaşmır.
Bu sənəd iqtisadiyyat, investisiya, nəqliyyat, təhlükəsizlik, təhsil, elm, mədəniyyət və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi və siyasi zəmin yaradır. Ən əsası Azərbaycan və Özbəkistanın müttəfiqliyi eyni zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin güclənməsinə, Türk dünyasının inteqrasiyasına və regional əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm amildir. Bu mənada Prezident İlham Əliyev və Özbəkistan lideri Şafkat Mirzoyeyev tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə yalnız iki dövlət arasında imzalanmış diplomatik sənəd kimi deyil, ortaq tarixə söykənən dostluğun müasir siyasi və hüquqi müttəfiqliyə çevrilməsinin nümunəsi kimi qiymətləndirmək olar.
Azərbaycan və Özbəkistanın münasibətlərində formalaşmış qarşılıqlı etimad, qardaşlıq və strateji maraqların uzlaşması bu əməkdaşlığın uzunmüddətli və davamlı xarakter daşıması üçün mühüm əsas yaradır. Nəticə etibarilə, bu sənəd xalqların ortaq tarixi, qarşılıqlı hörmət və gələcəyə hesablanmış strateji əməkdaşlıq təşkil edir./report
Oxşar xəbərlər
Prezidentlərin birgə bəyanatı: İki ölkə arasında strateji tərəfdaşlıq möhkəmlənir
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təkbətək və geniş tərki...