Ali Baş Komandan erməni işğalçılarının havadarlarına qarşı qətiyyətli mövqe ortaya qoyur - TƏHLİL

Ali Baş Komandan erməni işğalçılarının havadarlarına qarşı qətiyyətli mövqe ortaya qoyur - TƏHLİL
Siyasət 2030

27 sentyabrdan etibarən Ermənistanın cəbhəboyu ərazilərdə mövqelərimizə qarşı təxribatlarına Azərbaycan ordusu tərəfindən əsk-hücum əməliyyatları ilə cavab verilir.

BAKU.WS xəbər verir ki, artıq geridə qalan 7 gün ərzində düşmənin yüzlərlə hərbi texnikası sıradan çıxarılıb, 2300-dən çox canlı qüvvəsi məhv edilib.

Ordumuz bir sıra vacib strateji yüksəklikləri ələ keçirib.

Azərbaycanın işğal edilmiş torpaqlarını düşməndən azad etməsi üçün atdığı bu qətiyyətli addımlar işğalçı ölkənin havadarlarını ciddi narahat etməyə başlayıb. Bunların sırasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin olması isə bizi heç də təccübləndirmədi. Fransanın Ermənistana açıq şəkildə dəstək ifadə etməsi, ABŞ və Rusiyanın Azərbaycanın beynəlxalq hüquqlara əsaslanaraq keçirdiyi əməliyyatları dayandırması barədə bəyanatları isə Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə rədd edildi.

Doğrudur, onların bu dəstəyi bizi təccübləndirmədi. Lakin bir siyasi problemin həlli üçün vasitəçilyi öz öhdəsinə götürmüş dövlətlərin münaqişə tərəflərindən birinə, xüsusən işğalçı dövlətə açıq dəstəyini ifadə etməsi beynəlxalq hüquqa da sığmır. Bu səbəbdən Prezident İlham Əliyev həmin həmsədrlərə layiqli cavabını "Əl-Cəzirə" televiziya kanalına müsahibəsində bildirdi.

Dövlət başçısı qeyd etdi ki, son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir:

“Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə, əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir.

Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə, onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”.

Bu müsahibədən sonra dünən axşam saatlarında Fransa prezidenti Emnanuel Makron yenidən Prezident İlham Əliyevə zəng edib. Makron atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırış etsə də, Azərbaycan Prezidenti yenə öz qətiyyətli mövqeyini ortaya qoyub. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bundan başqa, dövlətimizin başçısı öz çıxışlarında müharibənin dayandırılması üçün şərtini açıqlayıb: İşğalçı Ermənistan işğal olunmuş torpaqlardan çıxdığı zaman əməliyyatlar dayandırılacaq.

Bu, o deməkdir ki, düşmən istər öz xoşu ilə, istərsə də ordumuzun gücü ilə torpaqlarımızdan çıxarılacaq.

Son xəbərlər