“ADEX” Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir - FOTO

“ADEX” Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir - FOTO
Foto
Siyasət 245

Dünyanın 32 ölkəsindən 200-dən çox şirkəti bir araya gətirən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgiləri dünəndən etibarən iştirakçılar qəbul edir.

BAKU.WS xəbər verir ki, tədbirin təşkilati işlərinin icrası “Caspian Event Organisers” şirkətinə həvalə edilib.

Sentyabrın 6-dan 8-dək Bakı Ekspo Mərkəzinin üç pavilyonunda baş tutacaq sərgilər zamanı Türkiyə, İsrail, İran, Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri iştirakçı kimi çıxış edir.

“ADEX-2022” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunur.

“ADEX” müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir. Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənir.

Qeyd edək ki, “ADEX”lə paralel hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirilən 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçirilir. Bu sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur. Sərgidə siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunur.

Son xəbərlər