Cümhuriyyətin 100-cü ili və Ekspo-2025 İraq və Misir Mediasında
15
yan
2018
11:46
Dos. Dr. Ceyhun Osmanlının ərəb dünyasının 2 nüfuzlu mediasında-İraqın Ahewar.org və Misirin Asiaelyoum.com informasiya agentliklərində məqaləsi dərc edilib. Məqalədə qeyd edilir ki, “Cümhuriyyət tarixinin 100-cü ilini qeyd edən Azərbaycan, həm də 2025 Universal Ekspoya ev sahibliyi etməyə iddialı olan Avropanın ilk müsəlman ölkəsidir”. Məqalənin tam mətnini təqdim edirik:Millətin və ya xalqın dünya miqyasında imza atdığı tarixi ilklər onun milli sərvətidir. Azərbaycan tarixən bir sıra müsbət məsələlərdə lider dövlət olub. Yalnız Şərq aləmində deyil, hətta bir sıra Qərb ölkələrində də çox dəyərə ilk olaraq Azərbaycan sahib olub. 2018-ci ildə 100 illik yubileyi qeyd ediləcək Müsəlman Şərqində ilk Parlament Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarını yaratmaq qabiliyyətinin təzahürüdür. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-20-ci illərdə mövcud olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində də bir sıra dünya miqyaslı ilklərə imza atıb. Demokratik quruluşlu dövlətlərin dünya bayraqlarının tarixində ilk dəfə səkkizguşəli ulduz simvolundan Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağında istifadə edilib. Ü.Hacıbəylinin 1908-ci il yanvarın 25-də səhnələşdirilən “Leyli və Məcnun” muğam operası (M.Füzulinin poeması əsasında) bütün Şərqdə opera sənətinin əsasını qoydu. Şərqdə ilk opera yazan qadın bəstəkar mərhum Xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində bu uğura imza atıb. Müsəlman şərqində ilk opera yazan kişi bəstəkar da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə, həm də bu uğuruna imza atıb.Qədim Şərqin ilk və ən mükəmməl rəsədxanası Güney Azərbaycanın Marağa şəhərində yerləşir. Bu rəsədxananın banisi böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsrəddin Tusidir. Bu şah əsər 1259–cu ildə yaradılıb.Neft sənayesində də çox mühüm strateji əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. 1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə neft qazmanın sonu olub. Təsadüfi deyil ki, dünyanın ilk Neft Akademiyası da 1920-ci ildə Azərbaycanda yaradılmışdır. 1949-cu ildə, sahildən 100 kilometr məsafədə, o zaman üçün unikal yataq sayılan Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neft hasil olundu. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni neft strategiyası irəli sürülərək dünyanın bir çox şirkətləri ilə Xəzər dənizində ilk dəfə olaraq neft və qaz yataqlarının birgə istismarına başlanmışdır. Azərbaycanın iqtisadi suverenliyini əks edən ilk beynəlxalq neft sazişi Azərbaycan iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və onun praktiki nəticələri göz qabağındadır. Həmin tarixdən başlayaraq görülən işlər bugünkü və gələcək nəsillərə xidmət edir.Dünyanın ən hündür bayraq dirəyi-2010-cu ilin sentyabrın 1-də Azərbaycan paytaxtında istifadəyə verilib. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.Şərq ədəbiyyatı tarixində ilk dəfə olaraq Azərbaycan şairi Nizami Gəncəvi 12-ci əsrdə qadını yüksək insani keyfiyyətlərə malik ülvi varlıq, hətta hökmdar kimi təsvir etmişdir. Təəssüf ki, o dövrlərdə bir çox qərb cəmiyyətlərində qadınlar cəmiyyətin bərabərhüquqlu hissəsi hesab edilmirdi. Nizami Gəncəvi isə “İsgəndərnamə” əsərində o, tarixdən hamıya yaxşı məlum olan hökmdar Makedoniyalı İsgəndərin Azərbaycana gəlişi, Nüşabə ilə görüşü və bu müdrik qadın tərəfindən məğlub edilməsi Nüşabə kimi hünərli qadın hökmdarın mərdliyini, ağllı, gözütox, uzaqgörən olmasını, onun ölkəni müdafiə etmək bacarığını göstərmişdir. Bununla da hələ 12-ci əsrdə Azərbaycan cəmiyyətinin qadına baxışını dünyaya nümayiş etdirmişdir.Onu da bilirik ki, 1918-də Azərbaycanda qadınlara səs vermək hüququ verilib. Sadə bir nümunə olaraq qeyd edək ki, bu hüquq qadınlara Kanadada 1940, Fransada 1940, İtaliyada 1945, Yaponiyada 1945, Yunanıstanda 1949-cu ildə verilmişdir. Azərbaycan qadınları cəmiyyətimizin tamhüquqlu üzvləridir, ölkənin hər sahəsində fəal iştirak edirlər, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rolları böyükdür. Azərbaycan dövlətinin həyata keçirdiyi qadın siyasəti öz uğurlu bəhrəsini verir.Bu gün də Azərbaycanın “Expo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi təklifi dövlətimizin, xalqımızın inkişafı, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqmətində saysız-hesabsız işlər görən ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın ideyasıdır. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, beynəlxalq hesabatlardakı yüksək nəticələri, müxtəlif qlobal əhəmiyyətli tədbirlərə evsahibliyi etməsi, insan kapitalının formalaşdırılmasında yeni model ortaya qoyması, hətta sərginin təşkilinə 20 mindən çox könüllünü cəlb etməsi yüksək səviyyədə təşkil etməsinə tam əsaslar yaradır.2017-ci ilin Noyabrında EKSPO-2025 üçün yarışan bir neçə ölkə mərkəzi Parisdə yerləşən Beynəlxalq Sərgilər Bürosunda (International des Expositions – BIE) bir araya gəldi. Mövzuların əsasən gələcək texnologiyalarla bağlı olduğu təqdimatlarda (“İnnovasiyalar” – Ekaterinburq, Rusiya; “5.0 cəmiyyəti” – Osaka, Yaponiya və “Bilik cəmiyyəti” – Paris, Fransa). Bakı diqqəti İnsan Kapitalına yönəltdi”Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyeva qeyd etdi ki, ölkəsinin məqsədi bu sərgi ilə dünyanın “ən güclü resursunu ” - insan kapitalını dünya gündəminə çıxarmaqdır. O, daha sonra qeyd etdi ki, Azərbaycanın 2025-ci il Eksposu üçün öz şüarı olaraq təqdim etdiyi əsas mövzu olan “İnsan kapitalı” ilə yanaşı, “İstedad”, “Sağlamlıq” və “Nailiyyət” Azərbaycanın təklif etdiyi alt mövzulardır və bu da BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə birbaşa uyğunluq təşkil edir.Ölkəsinin Avropa və Asiya sivilizasiyalarının qovşağında çox önəmli enerji və nəqliyyat körpüsü olduğunu qeyd edən Mehriban xanım Əliyeva bildirdi ki, Azərbaycan özünün qədim tarixi, əlverişli coğrafi mövqeyi, durmadan inkişaf edən infrastrukturu, rahatlığı, zəngin mətbəxi və qonaqpərvərliyi ilə Ekspo-2025 üçün çox uyğundur.Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur. Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində yaşayıblar. Azərbaycan tolerantlığın mədəni, dini və dil müxtəlifliyi ilə birləşdiyi, təkcə enerji ehtiyatları ilə deyil, həm də nadir təbiəti, adət və ənənələri ilə zəngin bir ölkədir.2016-cı ildən Formula 1 yarışlarının Avropa Qran Prisinə ev sahibliyi edən Bakı şəhərinin beynəlxalq tədbirlərin təşkilində müstəsna təcrübəsi vardır. Hələ 2025-ci ilə qədər Bakı bu yarışlara hər il ev sahibliyi edəcək, o cümlədən 2020-ci ildə UEFA xətti ilə Avropa Futbol Yarışlarının keçirildiyi şəhərlərdən biri olacaq.Beynəlxalq Sərgilər Bürosunun 170 üzv ölkəsindən sadəcə 18-nin Ümumdünya Ekspolarına ev sahibliyi etmək təcrübəsi var. Bunlardan birincisi 1851-ci ildə Londonda keçirilmişdir. Daha sonra isə bu ənənə əsasən qərb ölkələri olmaqla, digər ölkələrə də yayılmışdır. Çin və Yaponiyanı çıxmaq şərti ilə hələ ki, heç bir Asiya ölkəsi Universal Ekspoya ev sahibliyi edə bilməmişdir. Müvəffəq olacağı təqdirdə Azərbaycan bütün Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsində Universal Ekspoya nail olmuş ilk ölkə olacaqdır.Ekspo-2025 üçün rəqiblərimiz arasında olan Fransa və Yaponiya əvvəllər Ümumdünya Eksposu keçirmişdir. 1855 və 1900-cu illər arasında 5 Ekspo keçirən Paris 1937-ci ildə Ümumdünya Eksposuna ev sahibliyi etmişdir. 1947-1969-cu illər arasında isə Fransanın Paris, Lyon və Lil şəhərlərində 3 ixtisaslaşmış Ekspo keçirilmişdir. Eyni zamanda Paris 2024-cü il Yay Olimpiya Oyunlarının və 2023-cü il Dünya Reqbi Çempionatının keçirilməsi üçün seçilmişdir.Osaka isə 1970-ci ildə Ümumdünya Eksposunu keçirmiş, bununla yanaşı 1975, 1985, 2005-ci illərdə müxtəlif ixtisaslaşmış sərgilər təşkil etmişdir. Yaponiyanın Tokio şəhəri isə öz növbəsində 2019-cu il Dünya Reqbi Çempionatına, 2020-ci il Olimpiya və Parolimpiya oyunlarına ev sahibliyi edəcəkdir.3-cü rəqibimiz olan Yekaterinburqun da bizim kimi Universal Ekspo keçirmək təcrübəsi yoxdur. Rusiyanın 4-cü ən böyük şəhəri olan Yekaterinburq 2020-ci il Ümumdünya Eksposu üçün Dubayla rəqabətdə müxtəlif səbəblərdən müvəffəq ola bilmədi: bu səbəblər arasında təcrübənin yetərsizliyi ilə yanaşı nəqliyyatın oraya rahat və əlçatan olmaması göstərilirdi. Rusiyadan fərqli olaraq digər 2 rəqibimiz olan Fransa və Yaponiyanın Universal Ekspo keçirmək təcrübəsi vardır, lakin onların 2020 və 2024 Yay Olimpiya Oyunları üçün öhdəlikləri olduğunu nəzərə alaraq Ekspoya yolları bağlana bilər.Xüsusi ilə qeyd etmək lazımdır ki, Bakı namizədlər arasında yeganə paytaxt şəhəridir ki, gələcək sərgi iştirakçılarının xidmətinə paytaxtda ərazi ayırır. Plana əsasən Bakının şərqinə bitişik 200 hektar ərazidə Ekspo mərkəzi inşa olunacaqdır. Parisdə isə Ekspo ərazisi üçün Saclay göstərilir, bu ərazi isə Versaldan 18 km uzaqdadır.Dünyada mədəniyyətlərarası dialoqun və multikulturalizmin inkişaf etdirilməsi üzrə Azərbaycan uğurlu bir nümunədir və bu sahədə beynəlxalq mərkəzə çevrilməkdədir. Mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması məqsədi ilə 2008-ci ildən etibarən Azərbaycan Respublikası “Bakı prosesi” təşəbbüsünü uğurla həyata keçirir. Bakı şəhəri mütəmadi olaraq Mədəniyyətlərarası dialoq üzrə Ümumdünya Forumlarına, Beynəlxalq Humanitar Forumlara, 2010-cu ildə Dünya Dini Liderlərinin Sammitinə, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna uğurla ev sahibliyi etmişdir. 2016-cı ildə Roma Papası Azərbaycana səfəri zamanı vurğulamışdır ki, Vatikan Azərbaycanda mövcud olan dini tolerantlığı və dini azadlığı yüksək qiymətləndirir.Azərbaycan Avropa ilə Asiyanın, Qərblə Şərqin və Cənubla Şimalın kəsişməsində və Qədim İpək Yolunda yerləşən bir ölkə kimi inkişaf etmiş müvafiq infrastsuktura malikdir. Bakı şəhəri nəqliyyat tranziti üzrə beynəlxalq mərkəzə çevrilməkdədir. 2015-ci ildə yüksək keyfiyyətli xidmətlərinə görə Heydər Əliyev adına Bakı Beynəlxalq hava limanı məşhur “Skytrax” 4 ulduz reytinqinə layiq görülmüşdür. Bu gün Azərbaycan Hava Yolları (AZAL) Avropada, Asiyada, Amerikada, Afrikada və Yaxın Şərqdə yerləşən dünyanın 50 istiqamətinə birbaşa uçuşlar həyata keçirir və 2025-ci ilədək bu uçuşların sayı 100-ə çatdırılacaqdır. Bununla yanaşı, bir çox məşhur xarici hava yolları şirkəti Bakı şəhərinə uçuşlar həyata keçirir.Azərbaycan inkişaf etmiş müasir turizm infrastrukturuna və bu sahədə böyük potensiala malikdir. Ölkədə 500-dən artıq mehmanxana, o cümlədən Bakı şəhərində 150 mehmanxana fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycanda 36 yeni müasir mehmanxana tikilmişdir. Azərbaycanda, o cümlədən, Bakı şəhərində tanınmış muzeylər, zəngin tarixi və mədəni abidələr, həmçinin YUNESKO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş bir sıra turizm obyektləri mövcuddur (Qobustan, İçərişəhər və s.). Azərbaycanda turizm dinamik olaraq inkişaf edir və turistlərin sayı mütəmadi olaraq artır.Uğurlu namizədin seçimi üçün əsas göstəricilərdən biri layihənin maliyyələşmə imkanlarıdır. Fransa höküməti 2024-cü il Olimpiya Oyunlarının xərcləri ilə yüklənmiş kimi görünür və indidən bəzi dairələr yetərli maliyyə vəsaiti olmayacağı təqdirdə Fransanın Ekspodan namizədliyini geri götürəcəyini dilə gətirir. Yaponiyada isə hesab edirlər ki, Olimpiya Oyunları ilə müqayisədə Ekspo daha az gəlirli və daha az populyardır. Xüsusi ilə də qeyd olunur ki, Olimpiya Oyunlarını cəlbedici edən onun televiziyalar vasitəsi ilə yayınlanmasıdır. Lakin bunlardan fərqli olaraq, Azərbaycanın 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyeva öz təqdimatında bildirmişdir ki, Azərbaycan höküməti Bakının Ekspo-2025 ilə bağlı iddiasını hərtərəfli olaraq dəstəkləyəcək.2018-ci ilin noyabrında 2025-ci il Eksposuna ev sahibliyi edəcək şəhərlə bağlı qərar qəbul ediləcəkdir və vaxta çox az qalır. Bu tarixdə ərizəçi ölkələr yekun təqdimatlarını hazırlayacaq və qərar gizli səsvermə yolu ilə qəbul ediləcək.Eksponun həqiqətən də universal maraqlara cavab verməsi və üzv ölkələrlə bağlı müxtəlifliyin qorunması, daha çox ölkənin bura qoşula bilməsi üçün 170 ölkənin səsvermədə təmsil edən nümayəndələri gələcəkdə daha çox və fərqli ölkələrin bu prosesdə iştirak etməsinə şərait yaratmalıdır.Bununla bağlı olaraq inanıram ki, Azərbaycan öz güclü göstəriciləri ilə fərqlənir və bu günə qədər Milan, Antalya və Astanada keçirilən Ekspolarda mükafata layiq pavilyonları ilə Ekspo-2025 üçün ev sahibliyi etmək şansı olan Avropanın ilk müsəlman ölkəsidir.1. http://www.asiaelyoum.com/71036/2018/01/15/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%A5%D8%B6%D8%A7%D8%A1%D8%A7%D8%AA-%D9%81%D9%8A-%D9%82%D9%84%D8%A8-%D8%A7%D9%84%D8%AA%D8%A7%D8%B1%D9%8A%D8%AE-%D9%88%D8%A7%D8%B3%D8%AA%D8%B6%D8%A7/2. http://www.m.ahewar.org/s.asp?aid=585784&r=0Dos.Dr.Ceyhun Osmanlı4-cü çağırış Azərbaycan Respblikası Milli Məclisinin deputatıOdlar Yurdu Universitetinin beynəlxalq əlaqələr və innovasiyalar üzrə prorektoru
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan Xalq Cümhuriyyətinin ənənələrinə sadiqik"
“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edi...