ABŞ rəsmisi “Ağıllı kənd” layihəsi ilə tanış olub - FOTO
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib.
Kənd Təsərrüfatı Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar “Ağıllı kənd” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Rayonun 1-ci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə layihə ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.
Qubernator Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, layihədə alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.
Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir. Ştat qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi heyətə ABŞ Milli Qvardiyasının general mayoru, ştatın general-adyutantı Maykl Tompson, briqada generalı Con Harrison və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda çoxsaylı görüşlər keçirib, Hacıqabul və Qobustan rayonlarına da səfər edib. Sabah nümayəndə heyətinin Gəncə şəhərinə səfəri nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Zəngilanın Ağalı kənd sakinləri “Ağıllı kənd”də aparılan işlərlə tanış olub - FOTO
Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində tikinti-quruculuq işləri davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Na...