ABŞ-Ermənistan hərbi təlimləri: Hədəf regionda müharibə və sabitliyin pozulmasıdır - ŞƏRH

ABŞ-Ermənistan hərbi təlimləri: Hədəf regionda müharibə və sabitliyin pozulmasıdır - ŞƏRH
Siyasət 36

Qərb ölkələri, başda Fransa və ABŞ hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına mane olmağa çalışır. Regionda gərginlik yaradılması, revanşist qüvvələr arasında müharibə əhvali-ruhiyyəsinin saxlanılması hədəf götürülüb. Ermənistanda "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimlərinə də ancaq bu prizmadan yanaşmaq olar. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər.

"Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm", - S.Papikyan qeyd edib.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

Qeyd edək ki, ötən ilin sentyabrında "Eagle Partner" təliminin birincisi keçirilib, bu isə artıq ikincidir. Şübhəsiz ki, məqsəd qısa müddətdə böyük hərbi uğur əldə etmək yox, ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Təlim ABŞ-nin Rusiya və İrana Ermənistandan əzələ nümayişi, barmaq silkələməsidir.

Maraqlıdır ki, Birləşmiş Ştatlar bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan edir, digər tərəfdən də İrəvanla hərbi təlimlərə start verir. Ermənistan 44 günlük müharibə və 2023-cü ilin sentyabrın 19-20-də keçilən antiterror əməliyyatları ilə Azərbaycan tərəfindən məğlub duruma salınıb. Azərbaycan 30 illik işğala son qoyaraq torpaqları üzərində suverenliyini bərpa edib. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Bəs bu hərbi təlimlər nəyə xidmət edir? Səbəb bəllidir? ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır. Bu yolda isə yenə də ermənilərdən istifadə olunur. Təsadüfi deyil ki, artıq Rusiya da məsələyə reaksiya verib və cavab addımlarının sərt olacağını açıqlayıb. ABŞ strateqləri bu təlimləri keçirməklə ümid edirdilər ki, başı Ukraynada müharibəyə qarışan Kreml susacaq.

Düzdür, son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-a inteqrasiya etmək xətti tutub. Ermənistan parlamentinin spikerini Rusiyada keçirilən tədbirə buraxmadılar. Digər yandan isə 102-ci bazanın çıxarılması gündəmə gəlib. Bundan əlavə, Ermənistan baş nazirinin qorunmasını ABŞ-nin xüsusi xidmət orqanlarının həyata keçirilməsi barədə iddialar, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər səsləndirməsi Rusiyanı təbii ki, qıcıqlandırır. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. Bu dəfə ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin "baş verənlər Ermənistana baha başa gələcək" açıqlaması xəbər verir ki, Rusiya Ermənistanı cəzalandıracaq. Yəni, Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək.

İlk növbədə onu deyə bilərik ki, hərbi fəaliyyətlər və keçirilən təlimlər həmin siyasətin davamı və uzantısıdır. Dolayısı ilə təlimin keçirilməsi Ermənistanın Rusiya ilə strateji müttəfiqliyinə son qoymaq istəyi, yeni müttəfiqlər və strateji ortaqlar arayışlarının nəticəsidir.

İkincisi, ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır. Militarizasiya, yeni hərbi kampaniyaya həvəsləndirmə, bu ölkədə revanşist meylləri gücləndirmək hədəf götürülüb.

Üçüncüsü, bir tərəfdən sülh çağırışı edən Amerika o biri tərəfdən belə addımlar atmaqla bir daha təsdiq edir ki, səsləndirdiyi bəyanatlarla səmimi olmayıb. Otuz illik mövqeyində qalmaqdadır. Bu mövqe də işğalçının yanında olmaq və münaqişələrin dondurulmuş vəziyyətdə saxlanılmasıdır.

Dördüncüsü, Ermənistanla təlimlər 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamı kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar.

Beşincisi, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən "Metsamor"u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınır.

Bütün bunlara isə təəssüf ki, regionun nəhəng dövləti - İran susqunluq nümayiş etdirir. Rusiya arada bəyanatlar verdiyi halda, rəsmi Tehran ümumiyyətlə səsini çıxartmır. NATO artıq onun sərhədlərinə yerləşir, İran isə susur.

Bütün bunlardan o nəticəyə gəlmək olar ki, Ermənistanın Qərbə yaxınlaşması, NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq. Görünən odur ki, Vaşinqton Ermənistanla ilk yola çıxıb. Gözləmək olar ki, Rusiya Ermənistana qarşı iqtisadi, siyasi və enerji sahəsində ciddi sanksiyalar tətbiq edərək təzyiqləri artıracaq. Ermənistan da bu proseslərdən yenə məğlub çıxacaq. Nikol Paşinyan başda olmaqla, Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu gərginliyə sürükləyir.

"Report" İnformasiya Agentliyi

Son xəbərlər