ABŞ-nin demokratiya bayrağı altında mürtəce siyasəti və ya sinəsi yeni erməni medalları üçün darıxan Şiff

ABŞ-nin demokratiya bayrağı altında mürtəce siyasəti və ya sinəsi yeni erməni medalları üçün darıxan Şiff
Siyasət 62

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımızın 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində azad olunması, Azərbaycanın Cənubi Qafqazda artan hərbi-siyasi gücü və artan iqtisadi inkişaf görünür, hələ bir müddət Qərb ölkələrini narahat edəcək. Fransa başda olmaqla, Avropanın ermənipərəst qanunverici orqan və hökumətinə sahib olan ölkələri vaxtaşırı ölkəmizə qarşı əsassız və qərəzli bəyanatlarla çıxış edirlər.

Görünən odur ki, dünyanın istənilən nöqtəsinə siyasi böhran, dövlət çevrilişləri və müharibələr ixrac edən Qərb ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığa adekvat davranış nümayiş etdirməkdə çətinlik çəkir. Qərbin proseslərə qızışdırıcı mövqedən yanaşması, o cümlədən rəsmi Yerevanın qeyri-sabit və pozucu mövqe sərgiləməsi bu qəbildəndir. Belə ki, Ermənistan hələ də Azərbaycanın sülh təkliflərinə cavab vermir. Əksinə, Qərbdəki himayədarlarının manipulyasiyasına uyaraq vaxt uzadır.

ABŞ və Fransa başda olmaqla, Qərb ölkələri tarixin zibilliyinə atılan "Dağlıq Qarabağ münaqişəsi"ni canlandırmaq üçün sistemli addımlar atır. Bir neçə gün əvvəl ABŞ Konqresində Azərbaycanın Qarabağa "təcavüzü" ilə bağlı "Artsax Gəlirlərinin Bərpası Aktı"nın müzakirəyə çıxarılması bölgədə yenidən gərginlik yaratmaq istəyən qüvvələrin növbəti təxribatıdır. Konqresin erməni məsələsi üzrə qrupunun sədr müavini Adam Şiff və bir sıra digər konqresmenlər tərəfindən 2024-cü il üçün "Artsax Gəlirlərinin Bərpası Aktının" 18 sentyabrda qəbul edilməsinə dair təklifi Qarabağı könüllü tərk etmiş ermənilərin hüquqlarından çox, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilməlidir.

Onların nə istədiyinə qısaca nəzər yetirək. Sənədin ilk səhifəsində Ermənistanın ABŞ və Fransa tərəfindən silahlanmasına aid bənd yer alıb. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda gərginliyi artırmaq və sabitliyi pozmaq cəhdindən başqa bir şey deyil. İrəvanla silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması ABŞ və Fransanın bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistana isə bu məsələdə yalnız ehtiyatlı olmaq qalır. Azərbaycanın güclənən ordusunun qarşısında hər hansı yeni təxribat İrəvana baha başa gələcək.

Daha sonra sənəddə Ermənistana irimiqyaslı iqtisadi yardımlardan bəhs olunur. Əlavə olaraq, erməni diasporunun dünyanın müxtəlif ölkələrində apardıqları kampaniyalarla Ermənistana maliyyə nəfəsliyini təmin etmək istiqamətindəki addımları da diqqətçəkəndir. Ermənistanı borc vəsaitləri və infrastruktur investisiyaları ilə maliyyələşdirən bır sıra dövlət və beynəlxalq təşkilatların addımları əslində dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur. Belə ki, bu xüsusda son dövrlər infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlı Ermənistanın xarici təşkilatlardan cəlb etdiyi vəsaitlərin bir hissəsi sonradan çirkli pulların yuyulması sxemləri üzrə nəqliyyat dəhlizlərinin inkişafına sərf olunur. Həmin dəhlizlər isə beynəlxalq təşkilatlar tərəfindən də narkotik qaçaqmalçılığı və silah daşımaçılığı üzrə təhlükəli marşrutlar kimi qeyd olunur. Qeyd etmək yerinə düşər ki, bu ilin aprelində ABŞ və onun müttəfiqlərinin Ermənistan üçün yeni "Marşal Planı" cızması Avropa Sülh Fondunun, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Ermənistana "səxavətli" yardımlarının davamı kimi qiymətləndirilməlidir.

Bütün bunlar məqsədyönlü siyasətdir, məqsəd Qarabağ problemini yenidən "canlandırmaq" və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Bütün bunlar Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan daha çox "Dağlıq Qarabağ"dan danışmağa başlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi və baş nazir "etnik təmizləmə"dən danışır. Ermənistan ötən il antiterror əəliyyatı ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır.

Dünyanın özünü nüfuzlu sayan dövlət və təşkilatları 30 il torpaqlarının işğal altında olmasına görə məcburi köçkün həyatına məruz qalan həmvətənlərimizin bir dəfə də olsun səsini eşitmədilər, erməni işğalına göz yumdular.

Şiff və digər konqressmenlərin digər tələblərinə əsasən, Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat verilməsi. Qanunun qəbulundan sonra 60 gün ərzində prezident bu aktivlərlə əməliyyatları bloklamalı, blokdan sonra isə 90 gün ərzində onlara həbs qoymalıdır. Onların fikrincə, "Artsax Gəlirlərinin Bərpası Fondu" Azərbaycanın müsadirə edilmiş aktivlərini alacaq və daha sonra bu vəsaitləri Azərbaycanın "hərbi hücumu" nəticəsində əmlakı, biznesi və iş yerlərini itirmiş "Artsaxdan" didərgin düşmüş ermənilərə kompensasiya vermək üçün istifadə edəcək. Aydındır ki, bu təklif dövlətin suveren aktivlərinin talanması deməkdir.

Qeyd edək ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə dəfələrlə öz açıq və sülhpərvər mövqeyini ortaya qoyub. Hələ bir il bundan əvvəl reinteqrasiya ilə açıqlanan planda Qarabağ ermənilərinin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi üçün təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarlıq fəaliyyəti üçün güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi nəzərdə tutulurdu. Həmçinin yerli fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir, onlara güzəştlər, sosial xidmətlər və məşğulluq proqramları şamil edilirdi. Həmçinin ermənilərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ, dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunmaqla erməni dilinin istifadəsinə imkan yaradılırdı.

Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı gün kimi aydındır. Belə olan halda, Qərbin "erməni canfəşanlığı" heç də onların hüquqlarını qorumaq, yaşayışını təmin etmək demək deyil. Bu olsa-olsa, Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaqla, Rusiya, Türkiyə və İrana təsir dairəsində salmaqdan başqa bir şey deyil. Tarix göstərir ki, ABŞ-nin Vyetnam, İraq, Əfqanıstan və Suriyadakı hərbi mövcudluğu bu ölkələrə hansı məhrumiyyətlər hesabına başa gəlib.

O ki qaldı konqresmen Şiffə, görünür sinəsi yeni orden və medallar üçün darıxır. Qeyd edək ki, o, 2011-ci ildə erməni-amerikan dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına, habelə qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasına mühüm töhfəyə görə Mxitar Qoş ordeni, 2021-ci ildə isə Dostluq ordeninə layiq görülüb.

ABŞ yaddan çıxarmamalıdır ki, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat laihələrin reallaşmasında həlledici söz sahibi Azərbaycandır. Hazırda Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa bazarlarına alternativ yolla çatdırılmasında əsas tranzit ölkə kimi məhz Azərbaycan qəbul olunur. Bu xüsusda ABŞ-nin istənilən təxribatına qarşı Azərbaycanın cavabı Vaşinqton üçün sarsıdıcı nəticələrə gətirib çıxara bilər.

Son xəbərlər