SİZİN REKLAM BURADA!
055 213 76 73


"Biz hazırda hücum əməliyyatını həyata keçiririk, bizim məqsədimiz ərazilərimizi azad etməkdir. Mən vasitəçilərə təklif etdim və Ermənistan xalqına da müraciət etdim ki, işğala görə öz hökumətini məsuliyyətə cəlb etsinlər və işğalı dayandırsınlar. Ermənistan buna razı olarsa, demək olar ki, 30 il ərzində qanunsuz olaraq öz nəzarətində saxladığı işğal edilmiş əraziləri boşaltmağa başlasa, müharibə dayanacaq".

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib. 

Dövlət başçısı hadisələrin nəzarətdən çıxdığını düşünmədiyini və vəziyyətin Azərbaycan Ordusunun nəzarəti altında olduğunu deyib.

"Bizə müharibə lazım deyil. Biz 1992-ci ildən bəri danışıqlar prosesində iştirak edirdik. Demək olar ki, bu 30 il ərzində danışıqlar masasında sıfır irəliləyiş olmuşdur. Ermənistan ərazilərimizdən qoşunların tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən Birləşmiş Millətlər Təşkilatının qətnamələrini icra etmək istəmirdi. Əksinə, onların hərbi-siyasi rəhbərliyi yeni torpaqları işğal etməyə cəhd edirdi. Onlar Azərbaycana qarşı hücuma keçməyə cəhd edirdilər və iyul ayında onlar faktiki olaraq yeni hərbi hücuma keçdilər. Beləliklə, biz özümüzü, insanlarımızı müdafiə etməli idik və dünyanın bütün ölkələri tərəfindən tanınan, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyümüzü bərpa etməli idik".

Prezident aparıcının "əgər Ermənistan Sizin təqdim etdiyiniz bu təşəbbüsə cavab verməsə, bu eskalasiya davam edəcək və mülki şəxslərin həyatı üçün qorxular olacaq və bunun bədəli çox yüksək olacaq" sözlərinə cavabında deyib ki, Ermənistan təkcə mülki əhalinin yaşadığı kəndləri ağır artilleriyadan istifadə etməklə atəşə tutmaqla yox, eyni zamanda, işğal olunmuş ərazilərdə əcnəbilərin qanunsuz məskunlaşmasını təmin etməklə Cenevrə Konvensiyanı kobud şəkildə pozur.

"Biz ərazilərimizin azad olunmasını istəyirik, biz iki ölkə arasında olan münaqişənin həllini tapmağa imkan yaratmaq üçün mandatı olan vasitəçilərə çox güvənirdik. Lakin danışıqlar masasında konstruktiv yanaşma nümayiş etdirmək əvəzinə, Ermənistan iyul ayında bizə qarşı hərbi hücuma keçdi və biz onlara adekvat cavab verdik. Onlar terror aktları törətməyi planlaşdıran diversiya qrupunu göndərdilər və bu diversiya qrupunun başçısı yaxalanmışdır. İndi o, ifadə verir və sentyabr ayında onlar bizim kəndlərimizi və şəhərlərimizi artilleriya bombardmanına tutdular. Münaqişə bölgəsinə yaxın yaşayan sıravi azərbaycanlıların 500-dən çox evi tamamilə dağıdılmışdır və ya onlara ziyan dəymişdir. Buna görə Ermənistan bu təcavüzkar hərəkətləri dayandırmalıdır, onlar qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını üzərlərinə öhdəlik götürməlidirlər. Onlar işğal olunmuş ərazilərdən qoşunların çıxarılması ilə bağlı vaxt cədvəlini bizə təqdim etməlidirlər. Onların “Qarabağ Ermənistandır” deyən baş naziri indi deməlidir ki, “Qarabağ Ermənistan deyil” və bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq".

Dövlət başçısı həllin danışıqlar vasitəsilə olduğunu düşündüyünü, lakin danışıqların məğzi olmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, Ermənistanın “Qarabağ Ermənistandır” deməsi, - onların baş naziri bunu söyləyib, - münaqişənin həlli prinsiplərini faktiki olaraq məhv etdi.

"Çünki həmsədr ölkələri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa olan ATƏT-in Minsk qrupu - onlar danışıqlar zamanı illər ərzində münaqişənin həlli üçün prinsipləri hazırlayıblar və regionumuzda dayanıqlı sülhə nail olmaq üçün birinci addım işğal olunmuş ərazilərin boşaldılmasıdır. İki il bundan əvvəl dövlət çevrilişi və Corc Soros tərəfindən maliyyələşdirilmiş “inqilab” nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə o danışıqların məğzini məhv edir. Danışılası heç bir şey qalmır. Buna görə Ermənistanda hakimiyyətdə olan baş nazir öz destruktiv davranışı, hərbi toqquşmaya gətirib çıxarmış hərəkətləri barədə ciddi şəkildə düşünməlidir. Biz 28 ildir ki, danışıqlar prosesində idik və mənim Ermənistanın iki sabiq prezidenti ilə danışıqlar təcrübəm var idi. Biz həll yolunu tapmaq üçün nisbətən məqbul şəkildə işləyirdik, biz kiçik addımlar atırdıq. Biz vasitəçilərlə birlikdə münaqişənin həlli üçün əsas prinsipləri işləyib hazırlayırdıq.

Sonra iki il bundan əvvəl siyasi həyatda heç bir təcrübəsi olmayan, bütün həyatı boyu hətta kiçik bir şirkətin rəhbəri olmayan, geosiyasət, beynəlxalq münasibətlər haqqında heç bir anlayışı olmayan, küçədən olan bir şəxs hakimiyyətə gəlir və öz ölkəsini dağıtmağa başlayır. İndi Ermənistan böhran vəziyyətindədir. O, əsas siyasi partiyanın rəhbərini həbs edir. O, mənim müxtəlif dövrlərdə danışıqlar üzərində çalışdığım iki sabiq prezidentə qarşı cinayət araşdırmasına başlayır. O, tamamilə despotik bir rejim yaradır və danışıqları məhv edir və biz nə etməliyik? O, azərbaycanlılara qarşı təhqiramiz bəyanatlar verir, o, təhrikedici addımlar atır və vasitəçilərin özlərini, yumşaq desək, bu qəribə davranış çox çaşdırmışdır. O, danışıqlar prosesini məhv edir.

Ona görə mən hesab edirəm ki, danışıqlara geri qayıtmaq üçün birinci Ermənistanın baş naziri “Qarabağ Ermənistan deyil” deməlidir, çünki “Qarabağ Ermənistandır” ifadəsi yalandır, Qarabağ Azərbaycandır! O, torpaqların sahibi olan bizə onların qaytarılmasını təmin edən iyirmi il ərzində işlənib hazırlanmış prinsiplərə sadiq qaldığını deməlidir. Bu çirkin hərbi hücuma keçdikdən sonra o, bizə şəhərlərimizdən qoşunların çıxarılması üzrə vaxt cədvəlini verməlidir və belə olan halda biz savaşı dayandırmağa hazırıq. Əks halda, biz bunu güc yolu ilə edəcəyik, biz ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyik və ona yerini göstərəcəyik".

BAKU.WS