Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb

Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb
Siyasət 11150

"CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin deputatlığa namizədliyi qeydə alınıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

"Əziz dostlar, Sizinlə çox vacib bir xəbəri bölüşmək istəyirəm. Bu gün rəsmi olaraq mənim Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyim qeydə alındı. Hörmətli seçki dairəsində yaşayan sakinlər, siz 17 yanvar tarixindən etibarən çox maraqlı seçki kampaniyasının şahidi olacaqsınız. Bizi izləyin!", - Z.Darabzadə vurğulayıb.

Qeyd edək ki, Zaur Mehrab oğlu Darabzadə 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub.

Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) "Mühasibat uçotu və audit" fakültəsinə qəbul olub.

Sonrakı illərdə ali təhsil almaq məqsədilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının "Mühasibat uçotu və audit" ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib.

2019-cu ildən Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsili alır.

Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb.

2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub.

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq koordinator vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır.

Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.

Azərbaycan haqqında smartfonlar üçün ilk sənədli serialın (Histogram.az), poçt sahəsində innovativ (Dolab.az), yerli məhsulların xaricə satışı ("Buta Distribution") və xeyriyyə məqsədilə yaradılan (Angel.az) kimi fərdi layihələrin ideya müəllifidir.

Dövlət gənclər siyasəti sahəsində tədbirlərin işıqlandırılmasında yaxından iştirakına görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Yaxşıların yaxşısı" mükafatı, Azərbaycan tarixini, musiqisini vəmədəniyyətini təbliğ edən "Day.az Radio" internet radionun inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatı, həmçinin "Day.az Radio" layihəsi ilin ən yaxşı layihəsi nominasiyasında "Uğur zirvəsi" mükafatına layiq görülüb.

Evlidir, 1 övladı var.

Son xəbərlər