SİZİN REKLAM BURADA!
055 213 76 73


Prezident İlham Əliyev dünən Yevlax və Xaçmaza təyin etdiyi yeni icra başçılarını qəbul edərkən problemlərin mediada işıqlandırılmasının vacibliyindən danışıb.

BAKU.WS xəbər verir ki, o, problemlər barədə bir çox hallarda ona yalan məlumatlar verildiyini söyləyib:

“Əgər kimsə problemləri malalamaq istəyirsə, səhv yoldadır. Biz o problemləri ört-basdır etməməliyik. Əksinə, üzə çıxarmalıyıq. O cümlədən mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. İctimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”.

Prezident bu çıxışı ilə mediada Bakıda və digər bölgələrdə problemlərin işıqlandırılmasına dəstək verdiyini nümayiş etdirib.

İlham Əliyev bu məsələ ilə bağlı dəfələrlə çıxış etməsinə baxmayaraq müəyyən səbəblər və məmur təzyiqlərinə görə bunu icra etmək hələ də tam mümkün olmayıb. Prezident isə dünənki çıxışında məsələyə bir daha qayıdaraq təzyiqlərdən çəkinməməyi vurğulayıb. O, media nümayəndələri öz köməkçiləri adlandıraraq problemlərin ortaya çıxarılmasında rol oynamalarına dəstəyini nümayiş etdirib.

Bəs görəsən bundan sonra Prezidentin bu tapşırıqlarına riayət olunacaqmı? Medianı işinə məmurlar yenə də mane olmağa çalışacaqlarmı? Yoxsa onlar da Prezident kimi medianı özlərinə dost seçəcəklərmi?

Bu sualları Milli Məclisin deputatı Aydın Mirzəzadəyə ünvanladıq. Millət vəkili bildirdi ki, məmurlar median daimi izləməli və jurnalistlərlə ünsiyyətdə olmalıdır:

“Həmçinin qaldırılan məsələlərə dair öz mövqeyimizi ortaya qoymağa bacarmalıyıq. Problemi işıqlandırmaqdan narazı qalmaq düzgün çıxış yolu deyil. Həmin problemlərin həllinə təkliflər vermək lazımdır. Və yaxud bizim bir qüsurumuzu göstərirlərsə, həmin qüsurumuzu düzəltməyə çalışmalıyıq. Əgər hansısa bir anlaşılmazlıq varsa, həmin məsələni sivil və dost qaydada, azərbaycanlılara yaraşan aydınlaşdırmaq olar”.


Deputat sözlərinə əlavə edib ki, problemləri işıqlandırdığı üçün mətbuat nümayəndələrinə təşəkkür etmək lazımdır:

“Prezidentin vurğuladığı kimi mediaya dəstək olmaq və əməkdaşlıq etmək lazımdır. Kim ki belə etmək istəmir, o, özünü cəmiyyətdən təcrid etmiş olur. Prezidentin tapşırıqları dövlət adından danışan və dövlət strukturlarında çalışan hər bir şəxs aiddir”.

Ayna-Zerkalo nəşrinin baş redaktoru Elçin Şıxlı da məsələyə münasibət bildirrək qeyd edib ki, mətbuatla işləməyən, mətbuata qapalı olan və mətbuatın suallarına cavab vermək istəməyən yüksək vəzifəli məmurlar dəyişməlidir. Çünki onların böyük əksəriyyəti düzələsi deyillər:

“Medianın vəzifəsi problemləri qabartmaqdır. Hakimiyyəti idarə etmək və düzgün qərarla qəbul etmək üçün tam doğru informasiya olmalıdır. İnformasiya yalan deyilsə, məmurlar doğru məlumatlar verərsə, ali icra strukurları da doğru qərar qəbul edərlər”.


Baş redaktor mediaya edilən məmur təzyiqlərindən də danışıb və bunun çıxış yolunun medianın sərbəst olması olduğunu deyib:

“Dövlət televiziyaları daxil olmaqla bütün mətbuat orqanları peşə borcunu tam yerinə yetirməlidir. Məmurun əlindən dolanan, onun pulu ilə işəyənlər informasiyaları doğru çatdırmayacaq. Ona görə elə etmək lazımdır ki, media orqanları tamamilə sərbəst və jurnalistika prinsiplərinə uyğun işləməyi bacarsınlar. Onlar üçün şərait yaradılmalıdır”.

Fərid ƏDALƏT
BAKU.WS