SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87,0 dəfə, tikinti quraşdırma işlərinin həcmi 90,2 dəfə artmış, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilmiş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmişdir. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, 22 mindən çox iş yeri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd edilir ki, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon (bir milyon beş yüz min) manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.

Prezident Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

BAKU.WS