VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Skytrax 2022 World Airline Awards” təşkilatı "Azərbaycan Hava Yolları" QSC-ni (AZAL) "Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti”, onun aşağı büdcəli törəməsi “Buta Airways”i isə “Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" mükafatına layiq görüb.

BAKU.WS xəbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, mükafatlandırma bu gün Böyük Britaniyanın paytaxtı Londonda baş tutub.

Azərbaycanın milli aviadaşıyıcısı xidmət, qonaqpərvərlik və uçuşların təhlükəsizliyi sahəsində yüksək səviyyəli xidmətin göstərilməsi üzrə növbəti dəfə öz lider statusunu təsdiq edib, “Buta Airways” isə ilk dəfə “Skytrax”ın nominasiyasında qalib olub.

AZALı həmçinin “Skytrax” "4 ulduz" reytinqinə layiq görüb. Bu status aviaşirkətin havada və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən formalaşır.

“Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan “Skytrax” bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. AZAL-ın bütün nailiyyətləri və uğurları Prezident İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olub. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətlərinin göstərdiyi xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti” mükafatına 11-ci dəfə layiq görülmək AZAL-ın fantastik nailiyyətidir. Son 18 ayın çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi aviaşirkətin rəhbərliyi və bütün kollektivi üçün qiymətlidir", - deyə “Skytrax”ın icraçı direktoru Edvard Playsted bildirib.

Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkətinin ən yüksək reytinqinin - “5 Ulduz” mükafatının sahibidir. O həmçinin “Skytrax World Airport Awards versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə başçılıq edib.

“Skytrax” müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir. Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif sorğular keçirir.

BAKU.WS